Gənclərin Avropa çempionatında 4-cü gün: 1 qızıl və 1 bürünc
Xorvatiya paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa birinciliyi davam edir. İdman.com.az saytının məlumatına görə, çempionatın 4-cü günündə qızlar arasında 48, 55, 63 və 72 kq çəki dərəcələrində görüşlər keçirilib. 2 çəkidə iştirak edən gənc qızlarımız 1 qızıl və 1 bürünc medal əldə edib.

48 kq çəkidə mübarizə aparan Kəmalə Əliyeva bütün görüşlərini qələbə ilə başa vuraraq, Avropa çempionu adını qazanıb. Qələbə yolunda güləşçimiz ardıcıl olaraq Rusiya, Almaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Finalda o, Moldova idmançısını vaxtından əvvəl məğlubiyyətə uğradıb.

55 kq çəkidə təmsilçimiz Yarina Dubovska isə qızıl medalın bir addımlığında büdrəyib. İsveç və Fransa təmsilçilərinə qalib gələn güləşçimiz, yarımfinalda polşalı rəqibinə uduzub. Bürünc medal uğrunda görüşdə Rumıniya idmançısına heç bir şans verməyən Yarina Dubovska yığmamıza növbəti qələbəni qazandırıb.

Beləliklə, Avropa çempionatında gənc qızların mübarizəsi başa çatıb. Yığmamız çempionatı ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. İyunun 23-24-də gənclərin Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Xəbər 1152 dəfə oxundu.