Sebastyan Fettel və “Ferrari” münasibətləri hələ də müzakirə mövzusudur
“Ferrari”nin Sebastyan Fettellə yeni müqavilə ilə bağlı razılığa gələ bilməməsi Formula 1-də böyük əks səda doğurub. Bununla yanaşı, dördqat dünya çempionunun növbəti mövsüm hansı komandada çıxış edəcəyi müəyyənləşmədiyinə görə vəziyyət daha da mürəkkəbləşib. Hətta bəziləri almaniyalı pilotun karyerasını bitirə biləcəyini də istisna etmir.

S.Fettelin “Ferrari”dəki karyerasında uğursuzluğun səbəbləri haqda müxtəlif mülahizələr səslənir. Maraqlıdır ki, “Red Bull”da 4 dəfə dünya çempionu olan, lakin “Ferrari”də bir dəfə də istəyinə nail olmayan almaniyalı pilotun zəif çıxışı müxtəlif səbəblərlə izah edilir. Amma mütəxəssislərin əksəriyyəti buna görə S.Fetteli yox, İtaliya komandasını günahlandırırlar. S.Fettelin dostu olan Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun da bu fikri söyləyib. O deyib ki, “Ferrari” rəhbərliyi Fettelə lazım olan səviyyədə dəstək vermədi: “Əslində bu ayrılığı gözləməyə dəyərdi. “Ferrari”nin Şumaxerlə yaxınlığı ilə Fettellə əməkdaşlığını müqayisə etmək belə düzgün deyil. “Ferrari” heç vaxt Şumaxerə verdiyi dəstəyi Fettelə vermədi. Onlar heç vaxt Sebastyana dəstək olmadı”.

Formula 1-in sabiq pilotu, almaniyalı Hans Yoahim Ştuk isə həmyerlisinin Formula 1-dən mümkün gedişini faciə kimi dəyərləndirib: “Bundan sonra hadisələrin necə cərəyan edəcəyini yalnız Sebastyanın özü bilir. Ancaq düşünürəm ki, Fettel iddiasız komandaya keçməyəcək. Nəzərə alaq ki, onun variantları elə də çox deyil. Məncə, Fettel özünə uyğun komanda tapmasa Formula 1-i tərk edəcək. Bu isə böyük faciəyə səbəb olacaq”.

S.Fettelin sabiq komandası “Red Bull”un məsləhətçisi Helmut Marko da bu fikirdədir: “Sebastyanın bəxti onda gətirmədi ki, artıq nəhəng komandaların öz pilotları var. Məncə, Fettel münasib heyət tapmasa karyerasını başa vuracaq. O, ortabablardan birinə çevrilmək istəmir. Fettelin “Ferrari”ni tərk etməsini isə lazımi dəstəyi almaması ilə əlaqələndirərdim”.

Xəbər 566 dəfə oxundu.