EML kiber futbol Liqasında 28 komanda birincilik uğrunda yarışacaq
Azərbaycanda ilk dəfə olaraq, ölkənin bütün rəsmi futbol çempionatlarında təmsil olunan klublar kiber sahəsində “ən güclü” adı uğrunda mübarizə aparacaqlar.

AFFA və “Sport Marketing Group” şirkətinin əməkdaşlığı, “CBC Sport”un informasiya dəstəyi ilə EML kiber futbol Liqası başlayır. EML-də ölkəmizin bir çox futbol klubları (Peşəkar Futbol Liqası (PFL), 1-ci Divizion, Futzal, Çimərlik Futbolu, Region Liqası, Qadın Futbol Liqası və s.) çıxış edəcəklər.

Mayın 20-də keçirilən püşkatma mərasimi “CBC Sport” kanalında canlı yayımlanıb. Püşkün nəticəsinə əsasən, 28 komanda hər birində 4 komanda olmaq şərtilə 7 qrupa bölünüblər.

Hər komandanı azarkeşlər arasından seçilmiş və ya müəyyən bir klubu təmsil etmək istəyini ifadə edən oyunçu təmsil edir.

Turnirin açılış oyununda iki Premyer Liqa klubunun təmsilçisi - “Qarabağ” və “Səbail” qarşılaşacaq. Oyun mayın 25-də saat 20:00-da başlayacaq və EML-nin rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/eml2020/) yayımlanacaq.

EML futbol turniri avqustun ortalarınadək davam edəcək. Qaliblər pul mükafatı, EML beynəlxalq (Avropa və Asiya liqalarının klubları ilə birlikdə) və UEFA klub E-turnirlərində iştirak etmək imkanı qazanacaqlar. UEFA-nın təşkil etdiyi müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək ölkənin rəsmi kiber futbol komandası ən yaxşı EML oyunçularından formalaşdırılacaq. Yarışın təşkilatçıları artıq turnirin mütəmadi keçiriləcəyini, gələcəkdə qrup və divizionların sayının artacağını elan ediblər. İlk turnirdə yalnız AFFA və PFL tərəfindən keçirilən rəsmi liqalarda oynayan klublar qarşılaşacaqlar. Digər turnirlərdə isə həvəskar liqalarda oynayan komandalar da iştirak edə biləcəklər.

Xəbər 505 dəfə oxundu.