Niderland hökuməti Avropa çempionatının dörd oyununun ev sahiblik etməsinə razılıq verib
Niderland hökuməti futbol üzrə Avropa çempionatının 2021-ci ilə təyin edilmiş dörd oyununa Amsterdam şəhərinin ev sahibliyi etməsinə razılıq verib.

Bunu Niderland Kral Futbol Birliyinin (KNVB) baş katibi Qeis de Yonq deyib.

“Avropa çempionatı təxirə salınandan sonra UEFA və bütün tərəfdaşlarımızla konstruktiv məsləhətləşmələr apardıq. Amsterdam şəhər rəhbərliyi 2021-ci ildə dörd oyunun burada keçirilməsinə razılıq verib. Hələ də bəzi məsələləri müzakirə edirik. Həmçinin “Yohan Kroyff” arenası da oyunlara ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib. Bizə hazırlaşmaq üçün müəyyən vaxt lazımdır və ümidvaram ki, bu oyunları yaxşı şəkildə qəbul edəcəyik, - deyə Qeis de Yonq bildirib.

Qeyd edək ki, Amsterdam Avropa çempionatının qrup mərhələsinin üç oyununa və səkkizdəbir final mərhələsinin bir qarşılaşmasına ev sahiblik edəcək.

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə, Türkiyə-Uels, İsveçrə-Türkiyə qarşılaşmaları, eləcə də dörddədir final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda oynanılacaq.

Avropa çempionatının 2020-ci ildə keçirilməsi planlaşdırılsa da, koronavirusla əlaqədar martın 21-də qitə birinciliyinin 2021-ci ilə təxirə salınması barədə qərar qəbul olunub.

Daha əvvəl bildirilmişdi ki, UEFA Avropa çempionatını qəbul edəcək şəhərlərin sayının azaldılması imkanlarını nəzərdən keçirir.

Xəbər 498 dəfə oxundu.