Astarada onlayn idman məşqlərinə start verilib
Mayın 18-də Astara rayonunda Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Evdə qal, idmansız qalma” televiziya layihəsinə dəstək məqsədilə, xüsusi karantin rejimi dövründə yeniyetmə və gənclərin idmana marağının artırılması, onların sağlam həyat tərzinin və fiziki inkişafının təbliği məqsədilə onlayn idman məşqlərinə start verilib.

Astara Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən idman klubları və eləcə də digər idman müəssisələrinin məşqçilərinin rəhbərliyi ilə idmançıların fərdi onlayn idman məşqləri boks və fitnes üzrə rayonun Siyəku kəndində yerləşən şəhid Pəncəli Teymurov adına Boks Məktəbində məktəbin direktoru, boks üzrə idman ustası Zeynulla Əhədov tərəfindən həftənin I, II və III günləri keçiriləcək.

Sərbəst güləş və fitnes üzrə onlayn idman məşqləri Ərçivan qəsəbəsində yerləşən idman zalında məşqçi-müəllim Samir İmaməliyev tərəfindən həftənin II, IV və VI günləri, sərbəst güləş üzrə onlayn idman məşqləri isə Astara Olimpiya İdman Kompleksində məşqçi-müəllim Nizami Axundov tərəfindən həftənin II, IV və VI günləri aparılacaq.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə digər idman növləri də əlavə olunmaqla ölkəmizdə davam edən xüsusi karantin rejimi dövründə onlayn təlim məşqlərin müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulub.

Xəbər 720 dəfə oxundu.