11 avqust — qızıla bərabər bir gün
Dörd il əvvəl Elmar Qasımov Rio-de-Janeyro Olimpiadasının cüdo turnirində finala çıxıb avqustun 11-də 100 kq çəki dərəcəsində həlledici görüşdə qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazandıqda yadıma digər tatami ustamız Elnur Məmmədli və sərbəst güləşənlər Toğrul Əsgərovla Şərif Şərifov düşdü.

Niyə məhz onlar? Çünki 11 avqustun Azərbaycan olimpiyaçıları üçün çox uğurlu bir gün olduğunu artıq bilirdim. Həmin gün Yay Olimpiya Oyunlarında idmanımızın tarixinə qızıl hərflərlə yazılıb.

Hələlik bu koronaviruslu, yarışsız, ancaq nə yaxşı ki, getdikcə mülayimləşən günlərimizdə ötənləri xatırlamağa məcburuq. Halbuki COVİD-19 peyda olmasaydı, indi Tokio-2020 dilimizdən düşməzdi, hər gün ən azı lisenziyalarımızı təkrar-təkrar sayar, Yaponiya paytaxtına aparan yolda imkanlarımızı qiymətləndirərdik.

Qayıdaq 11 avqusta. Pekin Olimpiadası-2008-dən artıq 12 il ötür. Cüdo yarışlarında 73 kq çəki dərəcəsində final görüşü məhz həmin günə təsadüf etdi. Günün qəhrəmanı isə Azərbaycan olimpiyaçısı Elnur Məmmədli oldu. Həmvətənimiz avqustun on birinci günü göylərə yüksəlib xalqımızı XXIX Yay Olimpiya Oyunlarının qızıl medalı ilə sevindirdi.

Bundan dörd il sonra isə 11 avqust Londonda XXX Olimpiadada Azərbaycan nümayəndə heyəti üçün ikiqat bayrama çevrildi. Bu dəfə baş rollarda sərbəst güləşənlərimizi gördük. Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) finalda güləşdilər və onların qələbələri şərəfinə təxminən yarım saatlıq intervalla nəhəng idman sarayında iki dəfə Azərbaycan Respublikasının əzəmətli Dövlət himni səsləndirildi.

Əlbəttə ki, həmin gün çox qürurverici anlar yaşadıq. Təmsilçilərimiz ilk dəfə müstəqil komanda şəklində çıxış etdikləri Atlanta (ABŞ) Olimpiadası - 96-dan bəri bir gündə — avqustun 11-də birdən-birə iki qızıl medal qazandılar. Olimpiya qızılının nə demək olduğunu isə uşaqdan böyüyə hamı yaxşı bilir.

Beləliklə, son üç Olimpiadada— 2008-də Çin Xalq Respublikasında, bundan dörd il sonra İngiltərə paytaxtında, 2016-cı ildə isə dünya çempionu braziliyalı Karlos Alberto Torresin (bu ad Azərbaycanın idman, xüsusən də futbol ictimaiyyətinə çox yaxşı tanışdır) doğulub boya-başa çatdığı Rio-de-Janeyroda təşkil edilmiş Olimpiya oyunlarının cüdo və sərbəst güləş yarışlarının dörd final görüşü idmançılarımızın iştirakı ilə keçirilmişdir. Bu finallardan sonra onlara təqdim olunmuş 3 qızıl və 1 gümüş medal (E. Qasımov Rio-2016-da final görüşündə çexiyalı rəqibinə uduzmuşdur) həqiqətən, 11 avqustu Azərbaycanın olimpiya komandası üçün qızıla bərabər bir gün hesab etməyimizə əsas verir.

P.S. Hələlik sonuncu olan və Azərbaycan idmançılarının bizim üçün rekord miqdarda — 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc mükafat) qazandıqları XXXI Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyronun 2015-ci ildən Bakı ilə qardaşlaşmış şəhər olduğunu da qeyd edək. Bu şəhərin adının portuqal dilindən tərcüməsinin “Yanvar çayı” olması da kiməsə maraqlı görünə bilər.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

17.05.2020

Xəbər 780 dəfə oxundu.