“Borussiya Dortmund” öz meydanında “Şalke”ni böyük hesabla məğlub edib
Bu gün iki aylıq fasilədən sonra futbol üzrə Almaniya çempionatının 26-cı turuna start verilib.

Turun mərkəzi qarşılaşması “Signal İduna Park” stadionunda baş tutub.

“Borussiya Dortmund” öz meydanında “Şalke” komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Dortmund təmsilçisinin heyətində Erlinq Haaland, Torqan Hazard və Rafael Querreiro (2) fərqləniblər.

Turun 17:30-da başlayan oyunlarında “Volfsburq” səfərdə “Auqsburq”u (1:2), “Herta” isə “Hoffenhaym”ı (0:3) məğlub edib. “Leyptsiq” – “Frayburq” (1:1), “Fortuna Düsseldorf” – “Padeborn” (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, turun birinci oyun gününün son oyunu saat 20:30-da “Ayntraxt Frankfurt” və “Borussiya Mönhenqladbax” komandaları arasında baş tutacaq.

Mayın 17-də “Köln” komandası “Maynts”ı, “Bavariya” isə “Union Berlin”i qəbul edəcək. Tura mayın 18-də keçiriləcək “Verder” – “Bayer Leverkuzen” oyunu ilə yekun vurulacaq.

Xəbər verdiyimiz kimi, Almaniya Futbol Federasiyası klubların rəhbərliyi və assosiasiya nümayəndələri ilə keçirdiyi videokonfransda bir sıra qərarlar qəbul edib.

Birinci və ikinci divizionlarda keçirilən oyunlarda beş əvəzetmə olacaq. Bu qərar iki ay fasilədən sonra futbolçuların zədələnməsi riskini azaltmağa imkan yaradacaq.

Həmçinin iclasda mövsümün tamamlanmaması qərara alınarsa və mövsüm yenidən dayandırılarsa, turnir cədvəlindəki yerlərin bölüşdürülməsi barədə qərar iki həftə ərzində veriləcək. Bundan əlavə, lazım gələrsə komandalar digər stadionlarda oyun keçirə bilərlər.

Qarşılaşmalarda meydan və tribunalarda olmaqla, 322-dən çox şəxs iştirak edə bilməyəcək. Komandaların stadiona gəlişi ciddi nəzarətə götürüləcək. Futbolçular meydana girərkən məsafəyə ciddi əməl etməlidirlər. Oyundan əvvəl kollektivin fotoşəkil çəkdirməsi və əlsıxması ləğv olunub. Mövsümün sonunadək bütün görüşlər azarkeşsiz keçiriləcək.

AZƏRTAC

Xəbər 518 dəfə oxundu.