Formula 1 ilə Silverstoun avtodromu iki yürüş barədə razılığa gəliblər
Formula 1 Silverstoun avtodromunun sahibləri ilə iki yürüşün keçirilməsi barədə razılığa gələ bilib. Yürüşlər tamaşaçısız keçiriləcək.

Yetmiş il əvvəl dünyanın ilk Formula 1 çempionatını qəbul etmiş məşhur avtodrom hazırda Britaniya Pilotlar Klubuna (BRDC) məxsusdur. Klub belə spesifik şəraitdə iki mərhələ keçirməyə görə "Liberty Media"dan çox ciddi məbləğ almağa çalışıb.

"BBC Sport"un məlumatına görə, tərəflərin məqbul məbləğ barəsində mövqeləri əhəmiyyətli dərəcədə fərqlənib. Buna baxmayaraq, danışıqlar davam etdirilib və bu həftə kompromisli qərar qəbul edilib.

Lakin Böyük Britaniya hökumətinin başqa ölkələrdən gələn bütün insanlar üçün ikihəftəlik məcburi karantin planlaşdırması əlavə çətinliklər yaradıb.

Britaniya avtodromunun işlər direktoru Stüard Prinql deyib: "Mən təsdiq etməyə şadam ki, Silverstoun və Formula 1 bu yay tamaşaçısız iki yürüşün keçirilməsi haqqında prinsipial razılaşma əldə ediblər. Lakin onların keçirilməsi ölkə hökuməti tərəfindən də bəyənilməlidir. Bu səbəbdən bizim prioritetimiz bütün iştirakçıların təhlükəsizliyini COVID-19 pandemiyası ilə bağlı tələblərə ciddi müvafiq şəkildə təmin etməkdir.

"Sky Sports" telekanalının informasiyasına görə, Silverstoun yürüşlərini iyulun 26-da və avqustun 2-də keçirmək planlaşdırılır. Yəni Britaniya mərhələləri əvvəlcədən planlaşdırıldığı kimi dalbadal deyil, iki həftə fasilə ilə keçiriləcək. Kontraktın tezliklə imzalanacağı gözlənilir.

Formula 1-in rəsmi nümayəndəsi deyib: "Biz Silverstoun və digər promouterlərlə 2020-ci il mövsümünün yeni təqvimi barədə danışıqları davam etdiririk".

Xəbər 496 dəfə oxundu.