İtaliya A seriyası iyunun 13-də bərpa olunacaq
Avropa ölkələrində futbol üzrə milli çempionatların bərpa tarixləri bir-birinin ardınca açıqlanır. Bununla bağlı növbəti rəsmi xəbər A seriyasına aiddir.

Pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri İtaliyanın da futbol həyatı tədricən canlanmağa başlayır. İtaliya Futbol Federasiyasının rəhbərliyi “A” seriyasında yarışların bərpa tarixini açıqlayıb. Uzun sürən müzakirələrdən sonra çempionatın iyunun 13-də qaldığı yerdən davam etdiriləcəyi bildirilib.

Ölkədə mayın 4-dən fərdi qaydada məşqlərə icazə verilmişdi. Mayın 18-dən isə qrup şəklində hazırlıq mərhələsi başlanacaq. Komandalar oyunlara hazırlaşsalar da karantin rejiminə uyğun olaraq tibbi təhlükəsizlik tələblərinə ciddi şəkildə riayət edilir. İtaliyada yeni qaydalara əsasən əgər futbolçular arasında 1 yoluxma halı qeydə alınsa, turnir yenidən yarımçıq dayandırıla bilər.
Hazırda A seriyasında 26 turdan sonra “Yuventus” 63 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Latsio” liderdən 1 xal geri qalır. Rəqiblərindən 1 oyun az keçirən “İnter” isə 54 xalla ilk üçlüyü tamamlayır.

Xəbər 514 dəfə oxundu.