“İdman”dan “Kommunist”ə!
İndi, aradan uzun illər ötdükdən sonra 1968-ci ilin yayından 95-in payızınadək əməkdaşı olduğum “İdman” qəzetində çalışmış insanları xatırlamaq istəyəndə görürəm ki, sıralarımız çox seyrəlib. Amma yaxşı ki, hələ səsimə səs verən həmkarlar var.

Məzahir Süleymanzadə və Əlipənah Bayramov qısa müddətdə olsa da (hərəsi iki-üç il) “Miriyev məktəbi”ndə dərs almış və burada az vaxtda çox şey öyrəndiklərini sonralar özləri də ərsəyə gətirdikləri sanballı kitablarda fəxrlə qeyd etmişlər. Taleyin hökmü ilə hər ikisinin “İdman”dan keçən yolu illər sonra Azərbaycan mətbuatının şəksiz lideri “Kommunist”də birləşdi.

Burada Məzahir müəllimə redaktor müavini kimi yüksək vəzifə etibar olundu, sonralar o, “Səhər”i də meydana çıxarıb, oxucuların rəğbətini qazanan bu qəzetdəki fədakar dostları, ilk növbədə Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovla birlikdə çətin və şərəfli bir yol keçdi. Xüsusən də 1990-cı ilin ağır yanvar günlərində.

Bir neçə il ərzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinə də rəhbərlik etmiş respublikamızın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri M. Süleymanzadə “İdman”a məhəbbət və təşəkkürünü isə qəzetin 1992-ci il aprelin 30-da işıq üzü görmüş 6000-ci nömrəsində bu sözlərlə qələmə almışdı: “İdman”— “Sport” qəzetlərinin mənim jurnalistlik taleyimdə oynadığı rolu sözlə ifadə etməyə çətinlik çəkirəm. Mən bu səmimi kollektivdə 1979-1980-ci illərdə işləmişəm. Jurnalistikada ilk kövrək addımlarımı Mirpaşa Miriyevin, Aqşin Kazımzadənin, Oqtay Bayramovun, Paşa Əmirovun, Elman Cəfərlinin, Xədicə Orduxanovanın xeyir-duaları ilə atmışam. Sonralar vəzifə pillələri ilə irəliləyəndə, müxtəlif yaradıcılıq mükafatlarına layiq görüləndə “İdman”ın xeyir-duası həmişə mənə, necə deyərlər, gözmuncuğu olub. Hətta tanışlarım deyirlər ki, “Səhər” qəzetində də “İdman”ın dəst-xətti duyulur. Qısa, konkret söz deməyi, faktları dönə-dönə yoxlamağı, oxucu qəlbinə yol tapmağı mənə “İdman” öyrədib...”

Əlipənah Bayramov da Məzahir müəllim kimi, Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) jurnalistika fakultəsinin məzunudur, 1972-1974-cü illərdə “İdman”da işləyib, sentyabr 79-dan 2018-ci ilin son günlərinədək “Kommunist”də və onun davamçısı “Xalq qəzeti”ndə çalışıb, iqtisadiyyat şöbəsinə rəhbərlik edib, redaksiya heyətinin üzvü olub.

Dörd il əvvəl respublikamızın bir sıra görkəmli şəxsiyyətinin həyat və fəaliyyətindən bəhs edən “Həyatım, mühitim” adlı dəyərli kitabın (536 səhifə) müəllifi olub. Şərəflə daşıdığı Əməkdar mədəniyyət işçisi fəxri adı onun yüksək peşəkarlığına, jurnalistikamıza verdiyi töhfələrə layiqli mükafatdır.

Hər iki həmkarım bir çox digər mükafatlara da sevinmişdir. Ancaq bu gün mən onların hamısını tam sadalaya bilmərəm.
Onu da əlavə edim ki, “İdman”da keçirdiyi illəri məmnuniyyətlə xatırlayan Əlipənah müəllim “Xalq qəzeti”ndə birgə çalışdığımız 23 ildə də (95-in noyabrından 2018-ci ilin sonunadək) Azərbaycan idmanına ürəkdən azarkeşlik edirdi.

Başqa cür ola da bilməzdi! Axı, Ə. Bayramovun əmək fəaliyyətinin start illəri (1972-1974) “İdman”da keçib, onu yaradıcılıq uğurlarına məhz bu qəzet ruhlandırıb.

Jurnalistika fakultəsində təhsilini 1974-cü ildə başa vuran Ə. Bayramov yuxarıda xatırlatdığım kitabında bu barədə belə yazıb: “1974-cü ilin noyabrına kimi bu redaksiyada işlədim. Tez-tez qəzetdə müxtəlif mövzularda yazılarla çıxış edirdim. O vaxt “İdman” qəzeti respublikanın ən çox oxunan mətbuat orqanlarından biri idi və yaxşı da qonorar verirdi.

Hazırda o illərdə “İdman” qəzetinin redaktor müavini olmuş Oqtay Bayramovla bir qəzetdə işləyirik. Tez-tez Mirpaşa Miriyevi, Aqşin Kazımzadəni, Elman Cəfərlini və digər iş yoldaşlarımızı xatırlayır, işlə bağlı bir sıra maraqlı məqamları yada salırıq...”

... Bütün həmkarlarıma cansağlığı arzusu ilə

Oqtay Bayramov
Əməkdar jurnalist


14.05.2020

Xəbər 897 dəfə oxundu.