Avarçəkənlərimiz Avropa çempionatında mübarizəyə başlayır
İyunun 22-də Xorvatiyanın paytaxtı Zaqrebdə kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək. İdman.com.az saytının məlumatına görə, nüfuzlu yarışda Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.

Kanoe üzrə 3-qat dünya və 3-qat Avropa çempionu Valentin Demyanenko 1-nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşlərdə iştirak edəcək. Titullu idmançı öncə 1 – 3 iyunda Moskvada keçirilmiş Dünya Kubokunun III mərhələsində eyni məsafələrə yürüşlərə qatılıb. Hər iki yürüşdə o, finaladək irəliləməyi bacarıb. Avropa çempionatı 29 yaşlı kanoeçimiz üçün London Yay Olimpiya Oyunları öncəsi son sınaq olacaq.

Kayakçımız Mirnazim Cavadov da Avropa çempionatında qüvvəsini sınayacaq. Cəmi 20 yaşında olmasına baxmayaraq, Cavadov Dünya Kubokunun III mərhələsində həm 200 metr, həm də 500 metr məsafəyə yürüşdə 9-cu yeri tutub. O, qitəmiqyaslı yarışda da eyni məsafələrə yürüş edəcək.

Valentin Demyanenko və Mirnazim Cavadov Zaqrebə milli komandamızın məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında yollanıb. Nümayəndə heyətinə isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva başçılıq edir.
Qeyd edək ki, Avropa çempionatı iyunun 24-də yekunlaşacaq.


Xəbər 1512 dəfə oxundu.