Gənclərin Avropa çempionatında 2-ci gün: 2 «qızıl» və 1 «bürünc»
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa birinciliyi davam edir. İdman.com.az saytının məlumatına görə, iyunun 20-də sərbəst güləş üzrə 55, 66, 84 və 120 kq çəki dərəcələrində ən güclülər müəyyənləşiblər. Çempionatın ikinci günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib.

55 kq çəki dərəcəsində Qalib Əliyev inamlı qələbələrini final görüşündə də davam etdirib. Təmsilçimiz ardıcıl olaraq ukraynalı, bolqar və rus rəqibləri üzərində qələbə qazanıb və həlledici görüşə yüksəlib. Finalda erməni güləşçisi ilə mübarizədək də tam üstünlüklə (5:0) ayrılan Qalib Əliyev, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

120 kq çəkidə yığmamızı təmsil edən Əli Məhəmmədəbirov macar, türk və ukraynalı rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisi üzərində qələbə əldə edən güləşçimiz Avropa çempionu olub.

84 kq çəkidə mübarizə aparan Pərviz Axundov isə bürünc medal qazanıb. Həlledici görüşdə slovakiyalı güləşçidən üstün olan təmsilçimiz çempionatı 3-cü sırada tamamlayıb.

Ümumilikdə, 3 qızıl və 3 bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamız 56 xalla komanda hesabında 2-ci olub. Komanda hesabında ilk sırada Rusiya (67 xal), 3-cü sırada isə Türkiyə (47 xal) qərarlaşıb.

Bu gün rəqabətə gənc qızlar qoşulacaqlar.

Xəbər 1270 dəfə oxundu.