Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti vəfat edib
Mayın 13-də səhər saatlarında Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Məhəmməd Əliömərov dünyasını dəyişib.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, son olaraq Rusiyanın qadınlardan ibarət yığmasının baş məşqçisi vəzifəsində çalışan təcrübəli mütəxəssis Mahaçqaladakı klinikaların birində 68 yaşında vəfat edib.

Qeyd edək ki, M.Əliömərov 1952-ci il mayın 29-da Dağıstan Respublikasının Çaroda rayonunun Tlyaroş kəndində dünyaya gəlib. SSRİ idman ustası olan M.Əliömərov Sidney və Afina Olimpiadalarında sərbəst güləşdə qazanılan uğurlara görə Olimpiya Komitəsinin Ali Ordeni, 2007-ci ildə isə “Dostluq” ordeni ilə təltif edilib.

2008-2017-ci illərdə AGF-də sərbəst güləş üzrə vitse-prezident vəzifəsində çalışıb. 2019-cu ildən Rusiyanın qadınlardan ibarət yığmasının baş məşqçisi kimi fəaliyyət göstərirdi. M.Əliömərov Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 31 avqust tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

AGF mərhumun yaxınlarına, Rusiya və Dağıstan Güləş federasiyalarına başsağlığı verib.

Xəbər 535 dəfə oxundu.