AGİN karantin dövründə öz fəaliyyətini yüksək səviyyədə davam etdirir
Dünyada sürətlə artan koronavirus pandemiyasının təsiri Azərbaycandan da yan keçməyib. Bu təhlükəli virusun qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır.

Ölkəmizdə karantin dövründə gənclər siyasəti və idman sahələrinin müxtəlif layihələr həyata keçirən Gənclər və İdman Nazirliyinin fəaliyyətini xüsusi vurğulamaq olar. Koronavirus pandemiyası dövründə gənclərin sağlamlığının qorunması, onların asudə vaxtlarının səmərəli təşkili, infeksiyanın geniş miqyas almaması üçün böyükmiqyaslı maarifləndirici tədbirlər, idmancıların formada saxlanılması üçün görülən işlər mühüm əhəmiyyət kəsb edir. Belə ki, görülmüş işlər bütün sahələri əhatə etməklə cəmiyyətdə böyük əks-səda yaradıb. Bu gün pandemiyaya qarşı mübarizə aparan insanlar arasında gənclərin ön sırada olması təsadüfi deyil. Yüz minlərlə gənci öz sıralarında birləşdirən Gənclər və İdman Nazirliyi Bakıda, eləcə də, bütün regionlarda pandemiya dövründə hərtərəfli tədbirlər həyata keçirmək üçün səylərini davam etdirir.

AGİN idmançıların Tokio Olimpiadasına qədər formada qalmaları üçün bir sıra mühüm tədbirlər həyata keçirir

İdman cəmiyyətinin yarışlarla bağlı məlumatlandırılması karantin günlərində xüsusilə vacib məsələlərdən biridir.

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi koronavirusla (COVID-19) əlaqədar "Tokio-2020" Yay Olimpiya Oyunlarının təxirə salınmasına dair birgə bəyanat yayıblar. Bəyanatda vurgulanır ki, Azərbaycan müstəqillik dövründə Olimpiya Oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. Ona görə də, idmançılarımızın Oyunlara hazırlığı mühüm əhəmiyyət daşıyır və xüsusi proqram əsasında aparılır.

AGİN idmançıların Tokio Olimpiadasına qədər formada qalmaları üçün bir sıra tədbirlər həyata keçirir. Artıq bütün dünyada COVID-19 ilə əlaqədar "Tokio 2020" Yay Olimpiya Oyunlarının təxirə salınmasının idmancıların hazırlığına mənfi təsir göstərməsi ilə bağlı fikirlər səsləndirilir. Gənclər və İdman Nazirliyi ötən olimpiadalarda olduğu kimi, Tokio Yay Olimpiya Oyunlarında da Azərbaycan idmancılarının yüksək nəticələr əldə etmələri üçün həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə bağlı oyunların başlanmasına qalan 1 il ərzində hazırlığın əvvəlcədən işlənilmiş sistem əsasında aparılması nəzərdə tutulub.

2020-ci ildə hazırlığın ən yüksək pilləsinə çatmış idmançıların 2021-ci ilə kimi formada qalmaları çox vacibdir və buna görə nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi qərara alınıb. Bundan başqa, federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması, gənc və perspektivli idmançılarla işin gücləndirilməsi məsələləri diqqətdədir. Karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra onların fərdi məşq prosesləri nazirliyin xüsusilə diqqət mərkəzindədir. Bəzi idman növlərində federasiyaların nəzarəti altında karantin qaydaları nəzərə alınmaqla idmançıların fərdi məşq prosesi aparılır. Bununla belə, nazirlik hamıya tövsiyə edir ki, məsuliyyətli olsunlar, nizam-intizamı, qaydaları pozmasınlar. Məqsəd insanların həyatını, sağlamlığını qorumaqla bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməməkdir. Çünki idmançıların sağlamlığı qazanılan hər medaldan üstündür.

Onlayn turnirlər idmançılarımız üçün geniş perspektivlər açır

Nazirlik tərəfindən yeniyetmə və gənclər arasında təşkil edilən onlayn turnirlər geniş miqyas alıb. Turnirlər gənclərin asudə vaxtlarını evdən çıxmadan daha səmərəli və maraqlı keçirmələri, eləcə də bunun qarşılığında mükafat qazanmalarını təmin edir.

Belə ki, #evdəqalevdənoyna şüarı altında keçirilən FİFA 20 turnirlər seriyasında, iştirakçılar 6-12, 13-18 və 18-dən yuxarı yaş qruplarına bölünərək mübarizə aparıblar. Qaliblər üçün müxtəlif pul mükafatları və hədiyyələr nəzərdə tutulub.

Onlayn turnirlər arasında şahmat yarışlarını xüsusilə qeyd etmək olar. Bu turnirlər respublikamızın demək olar ki, bütün regionlarını əhatə edir. Şahmatçılarımızın beynəlxalq miqyaslı nüfuzlu turnirlərdə də fəal iştirakını təmin etmək məqsədilə nazirlik tərəfindən bir sıra müvafiq federasiya ilə əlaqəli şəkildə görülən işlər davam edir. Mayın 16-da start götürəcək şahmat üzrə Avropa çempionatında iştirak etmək üçün artıq 80-dən yuxarı şahmatçımız qeydiyyatdan keçib. İdmançılarımızın beynəlxalq turnirlərə fəal şəkildə qoşulmaları bir daha göstərir ki, federasiyalarla, idmancılarla əlaqələr sıxdır və bu işlər öz miqyasını daha da genişləndirir. Onu da qeyd edək ki, ölkəmizdə onlayn formatda sürətli şahmat üzrə Azərbaycan kuboku, 17 yaşadək şahmatçılar arasında Qran-Pri turniri və digər nüfuzlu yarışlar keçirilib. Bu günlərdə başa çatan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn "Beynəlxalq təhsil kuboku" turnirinə 40-dan çox ölkənin 17 yaşadək ən güçlü şahmatçıları qatılmışdı. Yüksək səviyyədə təşkil edilən yarışda şahmatçılarımız böyük fəallıq nümayiş etdiriblər. Ölkəmizdə təşkil edilən onlayn şahmat yarışlarında böyüklərlə yanaşı, uşaq, yeniyetmə və gənc idmancılarımız da iştirak edərək bilik və bacarıqlarını artırır, təcrübələrini zənginləşdirirlər. Ümid edirik ki, təmsilçilərimiz topladıqları bilik və təcrübədən bəhrələnərək şahmat üzrə ölkəmizi Avropa çempionatında yüksək səviyyədə təmsil edəcəklər.

İdmançıların iştirakı ilə hazırlanmış sosial çarxlar pandemiyaya qarşı mübarizə tədbirlərindəndir

Karantin dövründə sosial izolyasiya vəziyyətində davranış haqqında məlumatlandırma ilə bağlı bir sıra sosial çarxların hazırlanması təqdirəlayiq haldır. Olimpiya, Paralimpiya, dünya çempionlarının, gənclərin iştirakı ilə Gənclər və İdman Nazirliyinin Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) birgə hazırladığı “Koronavirusa qarşı birgə mübarizə aparaq!", "Virusa qarşı birgə mübarizə aparaq!" kimi sosial çarxlar təqdim edilib. Eyni zamanda, triatlon üzrə milli komandamızın üzvü, 2019-cu ildə Avropanın ən güclü triatlonçusu seçilmiş Rostislav Pevtsovun iştirakı ilə "Evdə qal, sağlam ol" videoçarxı hazırlanıb. Videoçarxda R.Pevtsovun karantin dövründə evdə məşq prosesi nümayiş etdirilib. Ümumiyyətlə, ev şəraitində idmanla məşğul olmaq üçün tanınmış idmancıların əhaliyə çağırış etmələri müsbət hal kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, bu cür sosial çarxlar əhali arasında böyük marağa səbəb olub.

Müasir gənclik Prezident İlham Əliyevin ən etibarlı tərəfkeşi, qərarların fəal icraçısıdır

Aprelin 11-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Dünya və gənclər yeni şəraitdə" mövzusunda Gənclərin ilk onlayn forumu keçirilib. Forumda Milli Məclisin deputatları, nazir müavini İntiqam Babayev, Gənclər Fondu nümayəndəsi, Gənclər üçün Prezident mükafatı laureatları, eləcə də 130-dan artıq QHT-lərın nümayəndələri, Qarabağ qaziləri, gənc alimlər, tədqiqatçılar, iş adamları iştirak ediblər. Forumda bir sıra vacib məsələlər haqqında səmimi və işguzar müzakirə aparılıb. Hazırkı vəziyyətdə və postpandemiya dövründə fəaliyyət, gənclərin yeni şəraitdə bilik və kompetensiyaları, fərdi inkişafın yolları, qeyri-formal təhsilin gücləndirilməsi əsas mövzulardan olub. Eyni zamanda, gənclərin sağlamlığının qorunması, onların idmana cəlb edilməsi, fərdi potensialın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Gənc nəslin ölkə iqtisadiyyatında və cəmiyyətin inkişafında iştirak sferası, birgə fəaliyyətlərin gücləndirilməsi yolları, dördüncü sənaye inqilabı və 5.0 cəmiyyətində gənclərin rolu, eləcə də müstəqil dövlətlərin artan dəyəri səraitində beynəlxalq əməkdaşlıq məsələləri barədə məsələlərə toxunulub.

Forum dünyada yaranmış böhran vəziyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial və iqtisadi sahədə aparılan anti-böhran proqramların, qərar və tapşırıqların yüksək effektivliyini qeyd edib. Gənclərin bundan sonra da Prezident İlham Əliyevin ən etibarlı tərəfkeşləri, qərarların fəal icraçısı olduqları vurğulanıb.

“Evdə qal, idmandan qalma" layihəsi böyük marağa səbəb olub

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə İdman TV-də "Evdə qal, idmansız qalma!" layihəsinin davamlı yayımlanması isə gözəl bir ənənəyə çevrilməkdədir. Layihədə Azərbaycanın dünya şöhrətli idmançıları skype vasitəsi ilə evlərindən canlı yayıma qoşularaq müxtəlif idman hərəkətləri nümayiş etdirirlər. Layihədə Olimpiya, dünya, Avropa çempionları və idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirlər. Müxtəlif şəhər və rayonlardan tanınmış idman ustaları, Əməkdar məşqçilər ictimaiyyətə sosial şəbəkələrin imkanlarından istifadə etməklə "Evde qal, idmandan qalma" şüarı ilə çağırış etmiş, müxtəlif idman növləri üzrə onlayn ustad dərsləri keçirmişlər. Gənclər arasında yaş kateqoriyalarına müvafiq olaraq online "Jim" və "Press" idman yarışları start götürüb ki, bu da maraqlı layihələrdəndir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi karantin dövründə gənclərin fəallığını təmin edir

Nazirliyin tapşırığı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə gənclər sahəsi ilə yanaşı, idman sahəsində də bir sıra sosial çarxlar, onlayn turnirlər keçirilib. "Ağ top" və "Qrand Master" şahmat klubları ilə birgə təşkil edilən blits turnirlərində 300-ə yaxın şahmatçı bilik və bacarıqlarını artırıb. Turnirlər müxtəlif saytlarda və sosial şəbəkələrdə coxsaylı baxış toplayıb. Ümumilikdə 5 şahmat klubu ilə birgə turnirlər təşkil edilib. Hazırda digər klublarla da bu istiqamətdə işlər aparılır, yarışlara hazırlıq görülür. BŞGİBİ tərəfindən "Evdə qal-idmansız qalma" layihəsi çərçivəsində sosial çarxlar hazırlanıb. Belə ki, bu günə qədər layihəyə Pankration, Qrappling və MMA, Jiboksinq, Bubo Döyüş Növləri, Full-Kontankt və Kyokuşin Karate, Kapoyera, Əlbəyaxa Döyüş növləri, Vin Çun federasiyaları qoşulublar.

Gənclər və idman idarələri pandemiyaya qarşı gənclərin fəaliyyətindən geniş istifadə edirlər

Koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində şəhər (rayon) gənclər və idman idarələrinin təşkilatçılığı ilə əhalinin maarifləndirilməsi yönümündə tədbirlər həyata keçirilmiş, bu məqsədlə mobil qruplar yaradılmış, bu işə gənc könüllülər cəlb edilmişdir ki, onların arasında da idmancı gənclər çoxdur. Könüllülər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələri əhalinin diqqətinə çatdırılmış, xüsusi məlumat lövhələri əhalinin sıx məskunlaşdığı ərazilərə, ictimai yerlərə vurulmuş, əhaliyə özünütəcrid qaydalarına uyğun davranmaq, şəxsi gigiyena qaydalarına əməl etmək ilə bağlı məlumatlar verilmişdir. Könüllü gənclər gənc, orta və yaşlı nəslin nümayəndələri ilə görüşlərində sağlam həyat tərzi ilə bağlı məlumatlar vermiş, insanları passiv olmamağa, ev şəraitində bədən tərbiyəsi və idmanla məğul olmağa çağırmışlar.
Eyni zamanda videoçarxlar hazırlanmış, sosial şəbəkələrdə #evdeqal həştaqı ilə paylaşımlar edilmişdir.

Ölkədə elan olunmuş xüsusi karantin çərçivəsində tətbiq edilən xüsusi hərəkət məhdudiyyəti rejimində gənclər və idman idarələrinin təşkilatçılığı ilə bir sıra rayon və şəhərlərdə yaşı 65-dən yuxarı olan şəxslərə, idman veteranlarına, imkansız ailələrə və şəhid ailələrinə baş çəkilmiş, onlara müvafiq sosial yardımlar edilmiş, lazımi sosial-məişət xidmətləri göstərilmiş, ev təsərrüfatı ilə bağlı işlərdə, tələbat mallarının və dərman vasitələrinin alınmasına könüllülər tərəfindən köməklik göstərilmişdir.

"Evdə qal, idmansız qalma!" aksiyasına rayonlarda yaşayan idmançılar da qoşulub. Müxtəlif şəhər və rayonlardan tanınmış idman ustaları, Əməkdar məşqçilər ictimaiyyətə sosial şəbəkələrin imkanlarından istifadə etməklə "Evde qal, idmandan qalma" şüarı ilə çağırış etmiş, müxtəlif idman növləri üzrə onlayn ustad dərsləri keçirmişlər. Daşkəsən gənclərinin aprelin 5-də www.chess.com internet portalı üzərindən sürətli şahmat üzrə onlayn respublika birinciliyində iştirakı təmin edilib. Balakəndə isə yeniyetmələr arasında onlayn formada şahmat birinciliyi keçirilib. Həvəskar şahmatçılar arasında onlayn turnirlərinin təşkili artıq ənənə halını almaqdadır.

Rayon (şəhər) Gənclər və İdman İdarələri tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə ildönümünə həsr olunmuş şahmat üzrə onlayn turnirlər yüzlərlə şahmatçı və şahmat həvəskarlarını əhatə edib. "Heydər Əliyev və gənclik" adlı məktəbli və gənclər arasında birincilikdə, həvəskarlar və gənclər arasında onlayn şahmat turnirlərində yüzlərlə şahmatçı qüvvəsini sınayıb. Eyni zamanda, Siyəzəndə 10-14 yaşlı yeniyetmələr arasında onlayn şahmat turniri, Hacıqabulda 2002-2003, 2004-2005-ci illər təvəllüdlü idmançılar arasında şahmat üzrə onlayn şəhər birinciliyi, Şirvanda açıq şəhər birinciliyi, Abşeronda onlayn rayon turniri belə yarışlar sırasındadır.

Gənclər və İdman Nazirliyi bütün dünyanı narahat edən koronavirus infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləmək üçün bütün gücünü günbəgün artırmaqdadır.

Bu gün dövlətimizin başçısının "Biz birlikdə güclüyük!" çağırışı Azərbaycanın çoxminli gənclər ordusunun hər bir üzvünün devizinə çevrilib. Bu çağırış xalqımızın milli birliyi üçün şüara çevrilərək böyük bir stimul olub. Əminik ki, bu çətin sınaq günlərindən sonra da bu şüar xalqımızın həmrəyliyini daha da gücləndirəcək.

Bəsti Məmmədova

Xəbər 1563 dəfə oxundu.