“Karabakh Horses” ikinci yer uğrunda matçda “Kalbajar Wolves”dan üstün olub
Azərbaycanın FIFA20 üzrə ilk rəsmi ölkə çempionatında 27 turdan sonra mübarizə gərgin və maraqlı ssenari üzrə davam edir. “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də “Topaz”ın birgə təşkil etdiyi çempionatda Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” 77 xalla vahid liderdir.

Hələ də məğlub olmayan “Nakhchivan Alinja Tower” ən yaxın izləyicisi “Karabakh Horses” klubundan 16 xal ayırır. Tural Həsənovun idarə etdiyi köhlən atlar isə ikinci yer uğrunda qarşıdurmada Cavid Murtuzayev və tabeliyində olan “Kalbajar Wolves” komandasını son turda 2:1 hesabı ilə üstələyib. Hazırda “canavarları” ikincilikdən cəmi 2 xal ayırır. Turnir cədvəlinin növbəti 6 pilləsində isə həyəcan günü-gündən artmaqdadır. Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” 53 xalla 4-cü yerdə qərarlaşdığı halda “Shaki Khans” və “Qobustan Stones” kollektivləri müvafiq olaraq 52 və 51 xalla rəqiblərinin büdrəməyini gözləyirlər.

Transfer pəncərəsində liqaya qoşulan Anar Bədəlov və təmsil etdiyi “Khizi Mountains” klubu isə ikinci dövrəyə qeyri stabil başlasa da, 48 xalla 7-ci pilləyə nəzarət edir. Liqanın ilk səkkizliyində qərarlaşan “Old City White Pants” dağlılardan cəmi 3 xal az toplayıb. Oktay Məmmədovun idarə etdiyi “Ganja Poets” kollektivinə gəlincə, komanda İçərişəhər təmsilçisindən 1 xal geri qalır. Liqada 10-cu yerdə Rəhman Quliyevə həvalə olunan “Shamakhi Lions” klubu qərarlaşıb. On birinci pillədəki “Quba Tigers”lə arasında fərq yaradan aslanlar, ən yaxın izləyicisini 10 xal qabaqlayır. Transfer aralığında Vahid Əfəndiyevin gəlişi ilə dirçəliş yaşayan “Qazakh Ashiqs” və mövsümün 2-ci yarısında Fərhad Ağayevlə güclənən “Lankaran Heroes” komandaları isə ilk dövrədə yaranan boşluqları doldurmağa başlayıblar.

FIFA20 Milli Liqasının növbəti turları mayın 12-13-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, “İdman” TV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər. Qarşılaşmalar eləcə də saat 13:00–14:00 və 16:00–17:00 aralığında “İdman” TV vasitəsilə tamaşaçılara təqdim olunur.

Xəbər 443 dəfə oxundu.