Ulu öndərin şah gedişlərinin bəhrəsi
Bu gün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünü ulu öndərə dərin ehtiramla qeyd edir. Bu görkəmli şəxsiyyət respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində idmanın digər növləri kimi, şahmatın da inkişafına daim böyük qayğı göstərmişdir.

Dahi rəhbərin “Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” və “Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” 1998-ci ilin fevralında və yenə həmin ilin sonlarında iki sərəncam imzalamasından artıq 22 il ötür. İndi biz o illərin uşaq şahmatçılarının dünyanın ən hörmətli, sayılıb-seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilmələrindən qürur duyarkən onların qazandıqları uğuların ümummilli liderimizin müdrik, şah gedişlərinin — sərəncamlarının və bundan da çox-çox əvvəl respublikamızda şahmatın inkişafı üçün yaratdığı möhkəm təməlin bəhrəsi olduğunu ulu öndərə dərin minnətdarlıq hissi ilə xatırlayırıq.

Bütün bunlar barədə 2018-ci ilin iyun ayında çapa imzalanmış “Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi” kitabında ətraflı danışılmışdır. Bu gün “Xalq qəzeti”nin nəşri olan həmin kitabdan iki məqamı bir daha xatırlamaq yerinə düşər.

Baharda doğulmuş qrossmeysterlər

Üçqat Avropa çempionlarımızın həyat yolu ilə tanışlıq zamanı maraqlı bir “kəşf” etdik: 1998-ci il sərəncamlarından sonra ulu öndər Heydər Əliyevin ümidlərini tam doğruldan həmin uşaq şahmatçılardan beş nəfəri ilin ən mülayim, çoxlarımız üçün də ən sevimli fəsli olan baharda dünyaya göz açmışdır.

Diqqət yetirək: Şəhriyar Məmmədyarov- 12 aprel 1985-ci il, Teymur Rəcəbov- 12 mart 1987-ci il, Rauf Məmmədov- 26 aprel 1988-ci il, Qədir Hüseynov- 21 may 1986-cı il, Eltac Səfərli- 18 may 1992-ci il.

Bu da dərin rəmzi məna daşıyır ki, 1998-ci il sərəncamlarını imzalamış ümummilli lider Heydər Əliyev də baharda anadan olmuşdur.

Olduqca xoş və ümid edək ki, qrossmeysterlərimizə bundan sonra da qələbələr vəd edən təsadüfdür.

ARB 24 bizi 20 il əvvələ qaytardı

Bu arada ARB 24-ə təşəkkür etmək yerinə düşər. Vüqar Həşimovun vəfatının növbəti ildönümü günü, 2018-ci il yanvarın 11-də bu telekanalımızın mərhum qrossmeysterə həsr etdiyi sujet bizi bir daha 20 il əvvələ qaytardı.

Sujetdə dahi rəhbər Heydər Əliyev onun qəbuluna gəlmiş Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədovla bir-bir əl verib görüşür və əyilərək üzlərindən öpür. Təsirlənməmək olmurdu...

Oqtay BAYRAMOV
Əməkdar jurnalist

10.05.2020

Xəbər 987 dəfə oxundu.