Avstriyada tanınmış tennisçilərin iştirakı ilə şou xarakterli turnir keçiriləcək
Avqustun əvvəlinədək tennis turnirlərinin təşkilinə qadağa qoyulsa da, artıq şou xarakterli yarışlar adi bir hala çevrilib. Karantin rejimini başa vuran raketka ustaları indi nəinki normal şəkildə məşq edir, hətta yarışlara da çıxırlar. Artıq tanınmış tennisçilər də belə turnirlərdə iştirak etməyə razılıq verirlər.

Mayın 25-də Avstriyada tanınmış raketka ustalarının iştirakı ilə turnir keçiriləcək. Şou xarakterli yarışda ATP (Peşəkar Tennisçilər Assosiasiyası) reytinqində üçüncü pillədə qərarlaşan Dominik Tim, həmçinin Dennis Novak, Barbara Haas, Tamira Pajek və digərləri də qüvvələrini sınayacaqlar.

151 min avro mükafat fondu olan turnirdə 16 kişi və 8 qadın tennisçi çıxış edəcək. Turnir pley-off sistemi ilə deyil, 3 mərhələli dairəvi formatda keçiriləcək. Karantin rejiminə uyğun olaraq tribunalara azarkeş buraxılmayacaq.

Qeyd edək ki, müvafiq yarışlar Almaniyada adi hala çevrilməkdədir. Artıq bu ölkədə sayca ikinci belə bir turnir keçirilir.


Xəbər 659 dəfə oxundu.