Raul Quliyev: Məktəbli şahmatçılarımzın “Təhsil” kuboku turnirində yüksək nəticələr qazanacaqlarına inanıram
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə mayın 9-da start götürən şahmat üzrə beynəlxalq “Təhsil” kuboku uğrunda onlayn turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib. Beynəlxalq yarışın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.

Bu sözləri müsahibəsində “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev deyib.

O bildirib ki, www.chess.com internet portalı üzərindən keçiriləcək beynəlxalq yarışda iştirak etmək üçün dünyanın 43 ölkəsindən 209 şahmatçı qeydiyyatdan keçib: “Bu şahmatçılardan 88-i beynəlxalq titullu şahmatçılardır. Onların arasında 5 beynəlxalq qrossmeyster, 19 beynəlxalq usta, 38 FIDE ustası, 26 ustalığa namizəd var. Turnir coğrafi baxımdan çox böyük ərazini əhatə edir. Avropadan 91, Asiyadan 57, Amerikadan 15, Afrikadan 6, Okeaniyadan 3 şahmatçı bu yarışda iştirak edəcək. Onlardan 163 nəfəri oğlan, 46-sı qızdır.

R.Quliyev şahmatçılarımızın turnirdə yüksək səviyyədə çıxış edəcəklərinə əmin olduğunu ifadə edərək vurğulayıb: “Ölkəmizi bu turnirdə 37 şahmatçı təmsil edəcək. Təmsilçilərimizdən yalnız yüksək reytinqli, dünya və Avropa birinciliklərində medal qazanmış və onlayn Qran-Pri turnirində final mərhələsinə qədər yüksəlmiş şahmatçılar iştirak edəcəklər. Məktəbli şahmatçılarımızın turnirdə yüksək nəticələr əldə edəcəklərinə əminik”.

AZƏRTAC


Xəbər 578 dəfə oxundu.