“Təhsil” kuboku uğrunda şahmat üzrə onlayn turnir start götürür
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 9-da beynəlxalq “Təhsil” kuboku uğrunda şahmat üzrə onlayn turnir start götürür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Məclisinin gənclər və idman komitəsinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda 17 yaşadək şahmatçılar iştirak edəcəklər. Turnir www.chess.com internet portalı üzərindən keçirilir.

Beynəlxalq “Təhsil” kuboku seçmə mərhələ və final mərhələsindən ibarətdir. Mayın 9-da keçiriləcək seçmə mərhələdə beynəlxalq reytinqi 2400-dək olan şahmatçılar iştirak edəcəklər. Bu mərhələdə ilk 30 yeri tutan şahmatçılar finala vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsinə qoşulacaqlar. Mayın 10-da keçiriləcək final mərhələsinin oyunları, eyni zamanda, “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq.

Yarışın qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.

Xəbər 716 dəfə oxundu.