Millətlər Kuboku: dünya yığması bugünkü qarşılaşmalarda məğlub olub
Mayın 8-də şahmat üzrə Millətlər Kuboku turnirində yeddinci və səkkizinci turların oyunları keçirilib.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması yeddinci turda Hindistan komandasına 1,5:2,5 hesabı ilə məğlub olub. Şahmatçımız T.Rəcəbovun oyunu da uğurlu alınmayıb. Belə ki, T.Rəcəbov rəqibi Vişvanatan Ananda uduzub. Turun digər oyunlarında ABŞ yığması Rusiya, Çin millisi Avropa komandalarına 2,5:1,5 hesabı ilə qalib gəliblər.
Günün ikinci qarşılaşmasında, səkkizinci turun oyunlarında ABŞ komandası ilə mübarizə aparan dünya yığması növbəti məğlubiyyətlə üzləşib - 1:3. T.Rəcəbov isə bu tur istirahət edib. Səkkizinci turun digər matçlarında Rusiya Çin komandasına qalib gəlib, Avropa yığması Hindistan millisi ilə heç-heçə edib.
Ötən turların yekun nəticələrinə görə, Çin komandası 15 xalla liderliyini davam etdirir. ABŞ komandası 11 xalla ikinci, Avropa yığması 10 xalla üçüncü pillədə qərarlaşıb. Rusiya, Hindistan komandaları hərəyə 5 xal, dünya yığması 2 xal qazanıb.
Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.

Xəbər 591 dəfə oxundu.