Formula 1: İtaliya 2 Qran-Priyə ev sahibliyi etmək istəyir
Avropanın bir neçə ölkəsi Formula 1 yarışının təşkilindən imtina etsə də, İtaliya iki Qran-Priyə ev sahibliyi etmək istəyir.

Montsa avtodromu bu mövsüm 2 dəfə qapılarını Formula 1 komandalarının üzünə açmağa hazırdır. Təqvimə əsasən buradakı yarış sentyabrın 6-da keçiriləcəyinə görə, italyanlar onun təşkili ilə bağlı problem olmayacağına ümid edirlər. Hazırda ölkədə pandemiyanın pik dövrünun arxada qalması gələcəyə nikbinliklə baxmağa əsas verir. Yarışların azarkeşsiz keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, İtaliya ilə yanaşı, Avstriya, Böyük Britaniya və Macarıstan da bu mövsüm iki yarışa ev sahibliyi etmək istəyir. Bu ölkələr hərəyə 2 Qran-Pri təşkil etsə, Formula 1 mövsümü baş tutmuş sayılacaq. Belə ki, reqlamentə əsasən, çempionatın legitimliyi üçün ən azı 8 Qran-Pri keçirilməlidir. Azərbaycanla yanaşı, daha bir neçə ölkə pandemiyadan sonra yarışı qəbul etməyə razı olduğunu bildiriblər. Mövsümün ilk turnirinin iyulun əvvəlində Avstriyada keçiriləcəyi gözlənilir.

Xəbər 587 dəfə oxundu.