XVI Avropa Gənclər Yay Olimpiya Festivalının vaxtı dəyişdirilib
Slovakiyada keçirilməsi planlaşdırılan Avropa Gənclər Yay Olimpiya Festivalı 2021-ci ildən 2022-ci ilə təxirə salınıb.
“Azsport.az” saytı xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin (AOK) mətbuat xidməti məlumat yayıb. Yarışlar 2022-ci il iyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək.

Yarışın əvvəlcə 2021-ci il iyulun 25-dən 31-dək keçirilməsi planlaşdırılırdı. Festival təşkilatçıları tədbirin tarixinin Tokio Yay Olimpiya Oyunları ilə üst-üstə düşməməsi üçün onu təxirə salmağı qərara alıblar.

Slovakiyada keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 50 ölkəni təmsil edəcək 3 minə yaxın idmançının iştirakı planlaşdırılır. Festival 1991-ci ildən təşkil olunur və hər iki ildən bir keçirilir.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2019-cu ildə XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edib.

Bəsti Sabirqızı

Xəbər 569 dəfə oxundu.