“Turan” komandasının əlçatmaz rekordu
Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası ilə əlaqədar dayandırılan 2019-2020-ci il mövsümü “Qarabağ”ın müdafiədəki etibarlı oyunu ilə diqqəti cəlb edib. Yarışın lideri keçirdiyi 20 matçda cəmi 7 top buraxıb. 1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, bu, heç də ən yaxşı nəticə deyil.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, ən az qol buraxmaqda mütləq rekord “Turan”a məxsusdur. Tovuz klubu 1993-cü ildə cəmi 5 qol buraxıb. Bu nəticəni qapılarında hərəyə 7 top görən “Neftçi” və “Olimpik” (sonradan “Şüvəlan”) komandaları izləyirlər. “Qarabağ”ın indiki nəticəsi ikinciliyə şərik olmaq imkanı verir. Lakin bu şansdan yararlanmaq üçün ağdamlılar mövsümün bərpasından sonra qol buraxmamalıdır.

“Turan”ın 1993-cü ildəki rekordunda oyun sayının azlığı da öz rolunu oynayıb. Tovuz təmsilçisi 18 qrup və iki pley-off matçı keçirib. Bu qarşılaşmalardan da üçü texniki qələbə ilə yekunlaşıb. Baş tutan görüşlərdəki orta göstərici isə 0,29-a bərabərdir. Bu, yalnız üçüncü nəticədir. Rekord isə “Olimpik”in 2007-2008-ci il mövsümündəki göstəricisidir. Amma bu rekordun keçilməsi ehtimalı var. Paytaxt klubu üçün təhlükənin səbəbi cari mövsümdə 20 oyunda 7 top buraxan “Qarabağ”dır. Liderin indiki nəticəsi 0,35-ə bərabərdir. Bu, hələlik yalnız beşinci yerə şərik olmaq imkanı verir. Amma Ağdam klubu mövsümün bərpasından sonra qol buraxmasa, mütləq rekorda imza atmış olacaq. Bunun üçün son çempion daha 8 “quru oyun” keçirməlidir.


Xəbər 588 dəfə oxundu.