Braziliyanın gənclərdən ibarət yığmasının futboçusu "Neftçi"də
“Neftçi” növbəti transferini həyata keçirib. İdman.com.az-ın klubunun rəsmi saytına istinadən məlumatına görə, Bakı təmsilçisi braziliyalı futbolçu Bruno Bertuççini heyətə qatıb. Dünən komandanın məskunlaşdığı Bolu şəhərində “Neftçi” prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub.

Tədbirdə çıxış edən Sadıqov 22 yaşlı futbolçuya uğurlar arzulayıb: “Bizim əsas məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir. Buna görə də “Neftçi”yə hər zaman yalnız səviyyəli legionerlər cəlb etməyə çalışırıq. Bruno Bertuççi Braziliyanın U-20 komandasının heyətində dünya çempionatının fianl mərhələsində iştirak edib. Gənc olmasına baxmayaraq Avropa təcrübəsi görüb. İnanıram ki, o gözəl oyunu ilə komandamızın qələbələrində pay sahibi olacaq”.

Bertuççi də öz növbəsində “Neftçi”nin uğurları üçün çalışacağını bildirib: “Mənim hədəfim həmişə iddialı klublarda çıxış etmək olub. Braziliyanın gənclərdən ibarət yığmasında da çıxış etmişəm. Bilirəm ki, “Neftçi” Azərbaycanın ən köklü və böyük tarixi olan klubudur. Belə komandada oynamaq mənim üçün böyük qürurdur. “Neftçi” kimi iddialı klubun Çempionlar Liqasında və Azərbaycan çempionatında uğur qazanması üçün əlimdən gələni edəcəyəm”.

Sonra “Neftçi”nin prezidenti yeni transfer Bruno Bertuççiyə 16 nömrəli futbol maykasını təqdim edib.

Xəbər 1108 dəfə oxundu.