Beynəlxalq Güləş Birliyinin əyləncəli tədris proqramı
Koronavirus pandemiyasına görə karantin dövründə əksəriyyətimizin günü daha çox kompüter arxasında keçir. Hamı bunu təkcə əyləncə məqsədilə etmir. Elələri də var ki, çalşıdığı təşkilatın tapşırıqlarını, vəzifə borcunu ev şəraitində evdən iş üsulu ilə yerinə yetirir. İdmançılar isə bu çətin günlərdə ancaq fiziki hazırlıqlarını normaya yaxın səviyyədə saxlamaq üçün evdə mümkün olanı edirlər.

Mayın əvvəlindən Beynəlxalq Güləş Birliyi (UWW) idmançı və hakimlərin karantin günlərində vaxtlarını səmərəli keçirmək üçün maraqlı bir proqram istifadəyə verib. Bu, əyləncəli tədris proqramı vasitəsilə güləş həvəskarları, idmançı və məşqçilər, ən əsası isə hakimlər güləş qaydaları üzrə biliklərini yoxlaya bilərlər.
Xalça üzərində baş verənlərin qiymətləndirilməsində hakimlər, idmançılar, eləcə də tamaşaçılar arasında yekdillik halları ilə həmişəmi qarşılaşırıq? Güləş qaydalarına mükəmməl yiyələnmədən xalça üzərində düzgün qərar qəbul etmək və ya onunla razılaşmaq mümkündürmü? Bəs, bu qaydalara nə dərəcədə vaqif olmağımızı necə yoxlamaq olar?
Beynəlxalq Güləş Birliyinin proqramı da elə bu suala cavab məqsədilə hazırlanıb. İndi hər kəs bu sahədə özünü kompüter vasitəsilə test edə bilər. Dünya Güləş Birliyinin hakimlik və inkişaf şöbəsi kommunikasiya mütəxəssislərilə birlikdə “Kahoot” oyun-tədris platformasında yaratdığı "UWW #1-Scoring Situations" proqramı güləş hakimliyinin onlayn imitasiyasıdır.
Oyun beynəlxalq güləş yarışlarından götürülmüş 20 epizod ardıcıllığından ibarətdir. Bu, güləş həvəskarları üçün maraqlı görüşləri izləmək imkanıdırsa, hakimlər üçün isə güclü tədris vasitəsidir. Proqram istifadəçilərinin bir-biri ilə yarışmaq imkanı da var. Oyunda iştirak edənlərin sayı qeydə alınır və real vaxt çərçivəsində onların hər bir cəhdi digərlərinin rəyinə qarşı qoyulur.

Beynəlxalq Güləş Birliyinin prezidenti Nenad Laloviç deyib: “Bununla biz bütün güləşçilər ailəmizi böhranlı günlərdə belə şən və eyni zamanda faydalı bir məşğuliyyətə cəlb etmək istəyirik.
Oyuna ilk mərhələdə 1000 nəfər qoşula bilər. Oyun lövhələri iki həftədən bir yenilənəcək. Qoşulmaq üçün Güləş Birliyinin unitedworldwrestling.org saytından və sosial şəbəkələrdəki kanallarından istifadə etmək lazımdır.



Xəbər 665 dəfə oxundu.