"İdman" Sumqayıtda
1991-ci ilin və ya 92-nin yayı idi. Respublikamızda yaranmış mürəkkəb iqtisadi vəziyyət "İdman" qəzetindən də yan keçməmişdi. Belə çətin günlərdən birində baş redaktorumuz Aqşin Kazımzadənin (şəkildə çıxış edir) təşəbbüsü ilə Sumqayıtdakı müəssisələrdən birində oxucular konfransı keçirməyi qərara aldıq.

Həm də səfərə "gücləndirilmiş heyətlə" çıxdıq. Qəzetimizin yaxın dostları, dünya şöhrətli futbol hakimimiz Tofiq Bəhramov (Aqşin müəllimin sağında), onunla yanaşı əyləşmiş həmin vaxt "Dinamo", indi isə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti adlanan çox nüfuzlu təşkilatın iki məsul işçisi də dəvətimizi razılıqla qəbul etmişdilər. Şəkildə gördüyünüz digər üç nəfər isə sumqayıtlı müxbirimiz, doğma şəhərinin idman həyatını işıqlandırmaqdan daim böyük zövq alan Məcnun Əliverdiyev (sağdan birinci ), bu sətrlərin müəllifi və Sumqayıt idman təşkilatının, deyəsən, o vaxtkı rəhbəri idi. Hər iki tərəf--"qonaqlar" da, "meydan sahibləri" də respublikada idmanın təbliği, qəzetimizin fəaliyyəti ilə bağlı iki-üç saat davam edən görüşdən, sual-cavablardan məmnun qaldılar.

Xüsusən də indi tarixdə Azərbaycan idmanının ən parlaq şəxsiyyətlərindən biri kimi yaşayan Tofiq müəllimin söhbətlərindən...

O da yadıma düşür ki, görüşdə əfsanəvi Pelenin 1989-cu ildə Moskvada 100 min nüsxə tirajla nəşr olunmuş və futbol aləmində böyük rəğbətlə qarşılanmış "Mənim həyatım və gözəl oyun " kitabı da dahi futbolçuya dərin hörmət və ehtiramla xatırlandı.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist.

04. 05. 2020

Xəbər 838 dəfə oxundu.