Rövşən Hüseynov London olimpiadasında
Həmyerlimiz Rövşən Hüseynov London olimpiadasında boks yarışlarında hakimlik edəcək. İdman.com.az saytının məlumatına görə, iyyulun 28-də başlayacaq olimpiya oyunları avqustun 12-dək davam edəcək. 37 yaşlı Rövşən Hüseynov AİBA tərəfindən 5 ulduzlu hakim kimi qiymətləndirilib.

Gənc referi son illərdə bir çox əhəmiyyətli beynəlxalq yarışlarda ölkəmizi referi kimi təmsil edir. O, Avropa çempionatında (2010, Ankara) , dünya çempionatında (Bakı, 2011), Avropa olimpiya lisenziya turnirində (Trabzon, 2012 ), qadınlar arasında dünya çempionatında (Quançjao, 2012) hakimlik edib.

Qeyd edək ki, Hüseynov boksda ölkəmizin ilk Avropa çempionudur. O, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilmiş qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz həm də dünya kubokunun qalibi olub. Xatırladaq ki, 2008-ci ildə Pekində təşkil olunan olimpiadada boks yarışlarında hakim kimi təmsilçimiz olmamışdı.

Xəbər 8064 dəfə oxundu.