Formula E: Nyu-York və London mərhələləri ləğv edilib
Bu gün Formula E təqvimində formal surətdə qalan son iki mərhələnin - Nyu-York və London yürüşlərinin ləğv edilməsi barədə qərar qəbul edilib.

Bu barədə rəsmi bəyanat hələlik açıqlanmayıb, lakin mayın 1-də bütün bilet sahiblərinə həmin mərhələlərin keçirilməyəcəyi barədə məlumat göndərilib.

Nyu-York yürüşü iyulun 11-nə planlaşdırılmışdı, lakin onun keçirilməsi mümkün bilinməyib. Burada Red-Huk liman rayonunun hazırda şəhər hakimiyyəti tərəfindən koronavirusa qarşı mübarizə əməliyyatına cəlb olunması da rol oynayıb.

Londondakı "ExCel Arena" sərgi mərkəzinin ətrafındakı ərazidə iyulun 25-də və 26-da keçirilməsi nəzərdə tutulan Formula E-nin final mərhələsi də analoji səbəblərə görə ləğv edilib. "ExCel Arena" kompleksi yaxın aylarda Milli Səhiyyə Xidmətinin tibb mərkəzlərindən biri kimi fəaliyyət göstərəcək.

Bu mərhələlərə bilet almış azarkeşlərə müraciətdə deyilir: "Formula E və FIA indiki böhran şəraitində mövcud məkanları yenidən profilləmə ideyasını qeyd-şərtsiz dəstəkləyirlər. Lakin Formula E və FIA yaranmış vəziyyəti və yüksək səviyyədə yürüşlərin keçirilməsi üçün zaman tələb olunduğunu nəzərə alaraq London mərhələsini ləğv etmək barədə qərar qəbul ediblər.

Biz Böyük Britaniyada yürüşün daha gec vaxtda keçirilməsi imkanlarını nəzərdən keçiririk, lakin yürüşün tamaşaçısız keçiriləcəyini də istisna etmirik".

Xəbər 593 dəfə oxundu.