BOK təsnifat prosesini təsdiqlədi
“İdman” qəzeti Beynləxalq Güləş Birliyinin (UWW) saytınа istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi aprelin 28-də “Tokio 2020” Olmpiadasının təsnifat sistemini təsdiqləyib.

Verilən məlumata görə, güləşdə əvvəlki prinsip və qaydalar dəyişilməz olaraq qalır. Bütün milli federasiyalara əvvəlcədən verilən məlumatda bildirildiyi kimi, Mərakeş, Macarıstan və Çin lisenziya xalları verən qitə turnirlərini təşkil edəcəklər. Bolqarıstanda isə Tokioya vəsiqə uğrunda dünya pəhləvanları mübarizə aparacaqlar.

UWW rəhbərliyi də bildirir ki, olimpiya oyunlarına aparan yolda atılacaq növbəti addımlar haqqında idmançılara məlumat verə bildiyinə görə, böyük məmnunluq duyur. Bu məlumat idmançılara seçim prosesi barədə dəqiq anlayış əldə etmək və bununla da, hazırlıqlarında lazımi dəyişiklikləri edə bilmək imkanı verir.

Sənəddə başlıca dəyişiklik olimpiya oyunlarında iştirak etmək hüququna aiddir. 2021-ci ildə 18 yaşı tamam olan idmançıların seçmə yarışlarda və olimpiya oyunlarında iştirakına icazə veriləcək.

Təsnifat sistemi barədə daha ətraflı məlumatı beynəlxalq federasiyanın saytından aşağıdakı link vasitəsilə ala bilərsiniz:

https://unitedworldwrestling.org/sites/default/files/2020-04/200428_final_qs_wrestling.pdf

Xəbər 633 dəfə oxundu.