Karlsen Lirendən qisasını yarımfinalda almağa çalışacaq
Dünya çempionu Maqnus Karlsen dəvəti ilə keçirilən onlayn şahmat turnirinin qrup mərhələsi başa çatdı.

Azsport.az saytı xəbər verir ki, sonuncu - 7-ci turda norveçli şahmatçı Maqnus Karlseni məğlub edən çinli Dinq Liren (3:1) 3 xal alaraq və fransalı Maksim Vaşye-Laqravı "armagedon"da üstələyən ABŞ təmsilçisi Hikaru Nakamura 2 xal əldə edərək, qrup mərhələsini ön sırada başa vurdular. Hər iki şahmatçı 15 xal topladığı halda şəxsi görüşdə üstünlüyü olan amerikalı birinci oldu. Maqnus Karlsen, eləcə də son turda niderlandlı Aniş Giriyə yenilən (1,5:2,5) ABŞ şahmatçısı Fabiano Karuana 13 xalla 3-4-cü yerləri paylaşdılar. Daha bir qarşılaşmada rusiyalı Yan Nepomnyaşi FİDE-nin iranlı təmsilçisi Əlirza Firuzcaya “armagedon"da qalib gələrək (3:2) hesabına 2 xal artırdı və 8 xalla 5-ci yeri tutdu. 7 xalla Firuzca 6-cı, Giri 7-ci, 6 xallı Vaşye-Laqrav 9-ci yeri tutdular.

İlk 4 yeri tutan şahmatçılar yarışı yarımfinal mərhələsindən davam etdirəcəklər. Sabah ilk yarımfinalda Nakamura və Karuana qarşılaşacaqlar. Karlsen isə bu gün yenildiyi Lirendən şənbə günü ikinci yarımfinalda qisasını almağa çalışacaq.

Xəbər 667 dəfə oxundu.