Gəmiçiliyin yelkənçiləri onlayn-simulyator oyununa qatılıblar
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yelkənçiləri karantin rejimi dövründə onlayn-simulyator oyununa qatılıblar.

Koronavirus pandemiyası səbəbindən elan olunmuş karantin rejimində yelkənçilər də müəyyən çətinliklərlə üzləşiblər. Amma texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə nə virus, nə karantin rejimi qorxuludur. ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar və İdman klubunun və “CMS Properties”in “Dənizçi” klubunun yelkənçiləri evdə darıxmamaq, dənizçilik bilgilərini unutmamaq və daha da yaxşılaşdırmaq üçün “e-regata.com” beynəlxalq internet saytında interaktiv onlayn-simulyator oyununa qatılıblar.

Aprelin 27-də başlayan yarış üç gün davam edib. On nəfərin iştirak etdiyi hər üç yarışın nəticələrinə görə, birinci yeri “Xəzər” Yelkənli Qayıqlar və İdman klubunun təlimatçı-metodisti Mixail Protasov tutub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq klubun üzvləri Nikita Protasov və Ulya Əhmədova qərarlaşıb. Qaliblər mükafatlandırılıblar.

Oyunun müşahidəçisi və şərhçisi “Xəzər” Yelkənli Qayıqlar və İdman klubunun direktoru Tatyana Srebnaya olub. İştirakçıların taktikasına və oyunu görmək bacarığına məhz T.Srebnaya nəzarət edib.

“E-regata” – interaktiv oyun, real vaxt rejimində keçirilən yarış simulyatorudur. Bu oyunda təcrübəsindən asılı olmayaraq hər kəs iştirak edə bilər. Bunun üçün “e-regata” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Oyunda “Windows” əməliyyat sistemi ilə çalışan kompüterlə də iştirak mümkündür.
Beynəlxalq yelkənli qayıq idmanı qaydalarına əsasən keçirilən oyunun əsas mahiyyəti hidro və aerodinamika qanunlarına, yelkənli yaxtaların fizikasına, küləyin səmtinə köklənib. Oyunda qazanılan bilik və təcrübəni realda da tətbiq etmək mümkündür.

Xəbər 637 dəfə oxundu.