Cüdoçularımız "Biz birlikdə güclüyük!" sosial aksiyasına qoşulublar
Ölkəmizdə koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir. Xüsusilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, cüdo üzrə milli komandanın üzvləri də Heydər Əliyev Fondunun #Biz Birlikdə Güclüyük! layihəsinə qoşulub, Bakı şəhərində sosial aksiya həyata keçiriblər. Şəhərin müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan 100 ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib. Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının mükafatçıları olan cüdoçularımız onlara verilən prezident mükafatından 100 ailəyə yardım göstəriblər və bütün idmançı dostlarını da imkansız ailələrə yardım etməyə səsləyiblər. Cüdo üzrə həm kişilər, həm də qadınlardan ibarət milli komandalarımızın təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına əsasən çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də, maddi yardıma ehtiyacı olanlara və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.

Milli komandamızın kapitanı, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlizadə və Rio Olimpiadasının gümüş medalçısı, Avropa və dünya çempionatlarının mükafatçısı Elmar Qasımov ailələrə baş çəkərək cüdoçularımız adından onlara ərzaq paylayıblar.

Yardım təqdim edilən vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğu diqqətə çatdırılıb.

Xəbər 656 dəfə oxundu.