Formula 1: Macarıstanda da iki yürüşün ardıcıl keçirilməsinə hazırdırlar
Formula 1 çempionatının 2020-ci il mövsümü üçün təqvimin ilkin versiyasında Macarıstan Qran-Prisi avqustun 2-nə planlaşdırılmışdı. Hunqarorinqin rəhbəri Jolt Dyulainin sözlərinə görə, hazırda mərhələnin bu tarixlərdə təşkili üçün heç bir maneə yoxdur, lakin ehtimal ki, yarışlar tamaşaçısız keçiriləcək.

J.Dyulai deyib: “Biz Formula 1 rəhbərliyi ilə hər gün əlaqə saxlayırıq. Onlar bilirlər ki, biz hər variant üçün açığıq. Biz yürüşlərin təşkili üzərində işləyirik, lakin hansı şəraitdə keçiriləcəyi məsələsi artıq bizim səlahiyyətimiz xaricindədir. Hər şey Macarıstandakı vəziyyətdən asılıdır. Bəxtimiz onda gətirib ki, Avstriya ilə qonşuyuq. Onlar bizi 1-2 həftə qabaqlayır. Buna görə də biz onların təcrübəsindən öz işimizin planlaşdırılmasında istifadə edə bilərik.

Biz karantin tədbirlərinin yüngülləşdirilməsini gözləyirik. Lakin ölkənin normal həyata nə vaxt qayıdacağı hələ bəlli deyil. Biz yürüşü hətta tamaşaçılarsız keçirməyə hazırıq, lakin hər şey hökumətin tələblərindən asılıdır.

Əgər biz yürüşləri boş tribunalarda təşkil etsək, o halda bu, promouterlər üçün böyük maliyyə itkisi deməkdir. Koronavirusla bağlı vəziyyət pisləşməyə başlayanda biz biletlərin satışını dayandırdıq. Hazırda trasda işlər praktik olaraq aparılmır, lakin biz avtodromu daim işlək vəziyyətdə saxlayırıq. Bu, Qran-Prinin avqustun əvvəllərində keçirilməsinə maneə olmayacaq”.
Dyulai, həmçinin Avstriya və Silverstounda olduğu kimi Macarıstanda da iki yürüşün ardıcıl keçirilməsi imkanlarını şərh edərək, deyib: “Biz Formula 1 rəhbərliyi ilə alternativ tarixləri hələ müzakirə etməmişik. Hunqarorinqdə bir və ya iki yürüşün keçiriləcəyi barədə danışmaq hələ çox tezdir. Təşkilati baxımdan, iki yürüş problem deyildir. Turizm və iqtisadi nöqteyi-nəzərdən isə yaxşı olardı ki, Formula 1 bizimlə daha uzun müddət qalsın”.


Xəbər 644 dəfə oxundu.