Yaxşılıq unudulmur
On səkkiz il əvvəl--2002- ci ilin mart ayında mən Azərbaycanda idman fotojurnalistikasının ağsaqqalı, təəssüf ki, artıq həyatda olmayan Faiq Rəcəblidən Rəşid Məmmədbəyovu necə xatırladığını soruşduqda cavab belə olmuşdu:

--İstəsən, sənə onun elə bir şəklini verərəm ki...Mən onu 52-ci ildə Helsinkidən qayıtdıqdan bir qədər sonra institutda tutdum. Dedim ki, gəl, şəklini çəkim. Bir qədər tərəddüd etdikdən sonra razılaşdı. Rəşidlə Musanı məşq zamanı çəkdim. Növbə ilə fənd işlətdilər. İndi əsrin yarısı qədər uzun bir yol arxada qaldıqdan sonra da həmin kadrlar arxivimdə ən qiymətli fotolardır...

Təbii ki, mən şəkli istədim və səhv etmirəmsə, artıq ertəsi gün onu Faiq müəllimdən minnətdarlıq hissi ilə qəbul etdim. Məmmədbəyovun sərbəst güləş üzrə dörd dəfə SSRİ çempionu Musa Babayevla milli güləş fəndi işlətdiyi şəkil tarixi bir fotodur.

Onda Rəşidin şəklini axtarmağıma səbəb isə ölkəmiz üçün əlamətdar olimpiya hadisələri ilə bağlı "Xalq qəzeti"nə yazı hazırlamağım idi. Həmin 2002-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılmasının 10 və respublikamızın idmançılarının Sovet İttifaqı yığma komandası heyətində Olimpiya oyunlarında iştirakının 50 illik yubileyləri qeyd olunurdu.

İndi artıq 50 yox, 68 il əvvəl Helsinkidən Bakıya gətirilmiş ilk olimpiya medalımızın sahibi sərbəst güləş ustası Rəşid Məmmədbəyov olmuşdur. Həmyerlimiz ona göstərilən etimadı doğruldaraq Finlandiya paytaxtında 57 kq çəki dərəcəsində gümüş mükafat sevinci yaşamışdır. Məmmədbəyov fəxri kürsünün ikinci pilləsinə aparan yolda İran, ABŞ, Macarıstan, Hindistan, İsveçrə güləşçilərindən üstün olmuş, yalnız gərgin final görüşündə yaponiyalı rəqibinə uduzmuşdur.

Mərdəkan qəsəbəsi yaxınlığındakı Şağan kəndində dünyaya göz açıb olimpiyaçı olmaq hüququ qazanan və gümüş medalı ilə Azərbaycana hədsiz sevinc bəxş edən, sərbəst güləşdə ilk azərbaycanlı SSRİ idman ustası Rəşid Məmmədbəyov cəmi 44 il yaşayıb. Lakin bu qısa müddətdə Azərbaycan üçün elə böyük işlər görüb ki!.. Onun təkcə Helsinkidə adını XV Yay Olimpiya Oyunlarının mükafatçıları sırasına yazdırması nəyə desən dəyər!

Məhz buna görə də idman ictimaiyyətimiz 1998- ci ildə işıq üzü görmüş "Varlıq" ensiklopedik toplusunda göstərildiyi kimi, 1927- ci ilin fevral ayında anadan olub 1971- ci ilin dekabrında vəfat edən Rəşid Qarabəy oğlu Məmmədbəyovu daim dərin ehtiramla xatırlayır.

Həqiqətən, yaxşılıq unudulmur. Deməli, nə qədər ki, idman həyatımız davam edir, çətin fəndlərin mahir ifaçısı, dünya şöhrətli güləşçimizi yad edəcəyik.

Elə gördüyünüz bu fotonu ötən əsrin ortalarında əsl peşəkar fotoqraf gözü ilə lentə almış Faiq Rəcəblini də...

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

29. 04. 2020

Xəbər 1130 dəfə oxundu.