Karantin rejimindən sonra cüdoçular lisenziya xallarını harada artıracaqlar
Beynəlxalq Cüdo Federasiyası (IJF) bir il sonraya keçirilmiş olimpiya oyunlarının təxirə salınan lisenziya turnirləri barədə bəyanat verib. Federasiya prezidenti Marius Vizer bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına görə, olimpiya iştirakçılarının seçimi gələn il iyunun 21-nə kimi tamamlanmalıdır. Bu sıradakı turnirlərin ən sonuncusu elə həmin gün Praqada başa çatacaq Avropa çempionatı olmalıdır.
Dünyanın sağlamlıq durumunda yaranmış vəziyyətlə əlaqədar olaraq, Avropa Cüdo İttifaqı və Çexiya Cüdo Federasiyasının razılığı ilə qitə birinciliyi gələn il iyunun 19-21-də keçiriləcək. Bu tarix yarışlara lisenziya balı vermək statusu ilə birlikdə təsdiq edilib. Ehtimal var ki, gələn il Daşkənddə keçirilməsi nəzərdə tutulan 2021-ci ilin dünya çempionatı da eyni hüquqlarla təmin edilsin.

Olimpiya illəri istisna olunmaqla hər il keçirilən cüdo mundialının iştirakçılarını gələn il Avstriyanın paytaxtı Vyana qəbul etməli idi. Bizə məlum olmayan səbəblərə görə bu ilin yanvar ayında 2021-ci ilin dünya çempionatına ev sahibliyi etmək hüququ Daşkəndə verildi. Amma hələlik turnirin vaxtı məlum deyil.

Olimpiya seçim mərhələsinə isə vaxtları dəyişilmiş Doha “World Masters” turniri, Antalya, Tbilisi Qran-piriləri, Yekaterinburq və Bakının “Böyük dəbilqə”ləri daxil oluna bilər. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bildirib ki, təxirə salınmış turnirlərin maksimal sayda keçirilməsinə çalışacaq. Federasiya rəsmisi eyni zamanda qeyd edib ki, yarışların dəqiq cədvəlinin təsdiqi koronavirus pandemiyasının ayrı-ayrı ölkələrdə özünü necə aparacağından asılıdır.





Xəbər 733 dəfə oxundu.