Qorxuya qalib gəlmək mexanizmi
Beynəlxalq Cüdo Federasiyası cüdoçunun əxlaq kodeksinə həsr olunan filmlər seriyasına start verib. Layihə idmançılar üçün böyük əhəmiyyət kəsb edən mərdlik, cəsarət kimi mənəvi dəyərlərdən bəhs edən filmlərlə başlayıb.

Beynəlxalq federasiyanın saytında deyilir ki, əsrlər boyu filosoflar və zəka sahibləri bu dəyərlər barədə saysız-hesabsız fikirlər söyləyiblər. Bunlar əksər hallarda ümumi bir rəy formalaşdırsa da, son nəticədə kifayət qədər tam anlayışın hasil olması bir qədər çətin vəzifəyə çevrilib. Bununla belə, vahid rəyə gəlməyə imkan verən iki amilin - fiziki və mənəvi cəsarətin mövcudluğu heç bir şübhə doğurmur.

Fiziki cəsarət cismani ağrı, acılar, çətinliklər, ölüm təhlükəsi ilə qarşılaşma zamanı yaranır. Mənəvi cəsarət isə haqsızlıq, münaqişə, hər hansı bir mərhumiyyətlərə bağlı təəssüf hissinə məruz qaldığımız hallarda ədalətlə hərəkət etmək deməkdir. Həm fiziki, həm də mənəvi cəsarət insandan daxili qüvvə, güclü xarakter, dözümlülük tələb edir.

Mərdlikdən, cəsarətdən söhbət açarkən onu da nəzərə almaq lazımdır ki, bu yolda qorxu, çətin vəziyyətlərlə üzləşmək zərurəti də var. Buna görə də cəsarət barədə danışarkən, qorxu hissini unutmaq mümkün deyil. Qorxusuz hərəkətə keçmək, ağılsızlıq və ya kor-koranə inadkarlıqdan başqa bir şey deyil. Cəsarət ilk növbədə qorxuya qarşı çıxmalı, onu dəf etməyi bacarmalıdır. Təhlükə ilə üzləşərkən qorxu bilməmək, onu layiqincə qiymətləndirməmək insanı şüursuz bir vəziyyətə gətirir. Təbiətindən asılı olmayaraq, hər hansı təhlükə ilə üzləşən insan təhlükənin dərəcəsini bilməli, ona qarşı çıxmaq imkanlarını real qiymətləndirməyi bacarmalıdır. İstər fiziki, istərsə mənəvi mübarizə zamanı insan bu işin öhdəsindən gəlməyə qadir olduğuna əmin olmalıdır. Amma bu, özünə hədsiz inam oyadan və ya yuxarıda qeyd etdiyimiz kimi, insanı qorxu hissindən məhrum etmək, ona cəsarətlə heç bir əlaqəsi olmayan qələbə zəmanəti vermək anlamına gəlmir. Əksinə, lazım gəldikdə biz imkanlarımızı genişləndirmək üçün özümüzü dərindən öyrənməliyik. Bu mənada, fiziki və ya mənəvi mübarizədən imtina etmək, həmişə qorxaqlıq əlaməti sayılmamalıdır. Yüksəlişə, qələbəyə doğru cəhd əksər hallarda əsl cəsarət və mərdliklə deyil, daha çox istək və qürür hisslərinin təhriki ilə əlaqədar olur. İdeal halda cəsarət sadəcə olaraq qorxuya nəzarət etmir. Əsas məsələ situasiyanı münasib emosiyalarla düzgün qiymətləndirməkdədir. Fəaliyyətimizi qarşıya qoyulan məqsədə yönəldən ağıl və instinktlərin qorxuya qalib gəlmək vərdişlərini formalaşdıran zaman isə daha sonrakı dövrə aiddir.
Tatami üzərində cüdonun prinsiplərinə uyğun olaraq keçirilən məşqlər, təmrinlər, fəndlər onların avtomatik icra mexanizmi kəsb edilmədən cüdoçuya heç nə verə bilməz. Ən böyük qorxularla üzləşmə məqamında məhz bu mexanizmi mənimsəyənlər və vəziyyəti düzgün qiymətləndirənlər məqsədə çata bilərlər.


Xəbər 590 dəfə oxundu.