2 komanda təsdiq aldı, 3-ü gözləyir
UEFA «Qalatasaray» və «Trabzonspor»a gələn mövsüm Avropa kuboklarında iştirak etməyə icazə verib. İdman.com.az saytı xəbər verir ki, «Qalatasaray» Çempionlar Liqası, «Trabzonspor» isə Avropa Liqası üçün izn alıb. «Fənərbağça»ya isə iştirakla əlaqədar razılıq göndərilmədi.

UEFA-dan «sarı-lacivərdlilər»ə hələlik razılığın verilməməsinin səbəbi klubla əlaqədar istintaqın davam etməsidir. UEFA öz istintaqını 25 iyuna qədər tamamlayacaq və ondan sonra məsələnin nizam-intizam qurumuna verilib-verilməyəcəyinə qərar verəcək. «Fənərbağça»nın Avropa kuboklarına qatılıb-qatılmayacağı isə bu müddətin sonunda müəyyən olacaq. Türkiyə Superliqasının dördüncüsü «Beşikdaş» və Türkiyə Kuboku finalçısı «Bursaspor» maliyyə məsələləri səbəbiylə Avropa kuboklarından məhrum edilmişdi.

Bu iki kluba da iştirak razılığını göndərməyən UEFA son qərarını CAS-dan çıxacaq nəticəyə görə verəcək. UEFA-nın «Fənərbağça», «Beşikdaş» və «Bursaspor»un yerinə hər hansı bir türk komandasına dəvət göndərməməsi, üç komandayla əlaqədar araşdırmaların davam etdiyi mənasını verir.

Xəbər 870 dəfə oxundu.