Karlsenin liderliyi itirmək təhlükəsi
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində 6-cı turun iki qarşılaşması baş tutub.

Azsport.az saytı xəbər verir ki, norveçli Maqnus Karlsen rusiyalı rəqibi Yan Nepomnyaşini "armagedon"da üstələyərək (3:2) 2 xal qazanıb. Rusiyalı 1 xal əldə edib. FİDE-nin iranlı təmsilçisi Əlirza Firuzca niderlandlı Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gələrək 3 xal qazanıb.

Sabah turun növbəti qarşılaşmalarında ABŞ şahmatçısı Hikaru Nakamura çinli Dinq Lirenlə, digər ABŞ təmsilçisi Fabiano Karuana isə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcəklər. Nakamura və Liren qarşılaşmasında tərəflərdən biri əsas partiyalarda qalib gələrsə Karlseni liderlik taxtından sala bilər.

Hazırda turnir cədvəlinə 13 xalla Karlsen başçılıq edir. Nakamura və Liren 11 xalla onu izləyirlər. Karuananın 10, Firuzca və Nepomnyaşinin 6, Vaşye-Laqravın 5, Girinin 4 xalı var.

Xəbər 608 dəfə oxundu.