Yoşiro Mori: Əgər 2021-ci ilədək koronavirus məğlub edilməsə, Olimpiya Oyunları təxirə salınacaq
Bir il sonraya keçirilmiş “Tokio 2020” Yay Olimpiya Oyunları 2021-ci ilədək koronavirus pandemiyası məğlub olunmasa, yenidən təxirə salına bilər.

Bu barədə “Nikkansports” həftəliyinə müsahibəsində Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri Yoşiro Mori bildirib.

Nəşrin müxbirinin “Koronavirusla əlaqədar vəziyyət gərgin qalacağı təqdirdə Olimpiada yenə təxirə salına bilərmi” sualını cavablandıran Y.Mori belə olacağı təqdirdə yarışların təxirə salınacağını bildirib. Təşkilat komitəsinin sədri xatırladıb ki, əvvəllər müharibə ilə əlaqədar oyunlar təxirə salınıb. Bu gün isə biz görünməyən düşmənə qarşı mübarizə aparırıq.

Y.Mori əlavə edib ki, əgər Olimpiada 2021-ci ildə, insanlıq koronavirusa qalib gəldikdən sonra təşkil edilərsə, bu yarışlar daha böyük dəyər qazanacaq.

Xatırladaq ki, “Tokio 2020” Olimpiya Oyunlarının bir il müddətinə təxirə salınması barədə razılıq Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə Yaponiyanın Baş naziri Şinzo Abe arasında martın 24-də keçirilmiş telefon danışığı zamanı əldə edilib.

AZƏRTAC

Xəbər 692 dəfə oxundu.