FIFA20 Milli Liqasında 12-ci tura yekun vurulub
"Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkil etdiyi FIFA20 Milli Liqasında 12-ci tur başa çatıb.

38 matçlıq marafona hələ də rəqib tanımayan Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” kollektivi başçılıq edir. Ardıcıl 8 oyundur ki qələbə qazanan Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” xallarının sayını 31-ə çatdıraraq, ikinci pillədəki mövqeyini bir az da möhkəmləndirib. Liqa ilk dövrənin sonuna yaxınlaşdıqca, orta pillələrdə yer alan kollektivlər arasında mübarizə daha da gərginləşir. Turnir cədvəlində növbəti 3 yeri hərəyə 25 xal toplayan “Shaki Khans”, “Karabakh Horses” və “Kalbacar Wolves” komandaları bölüşürlər. Rəqiblərindən cəmi 2 xal geri qalan İbrahim Kərimovun “Gobustan Stones” klubu 6-cı, aktivinə ümumilikdə 22 xal yazdırmağı bacaran “Khizi Mountains” isə 7-ci pillədə qərarlaşıb. Hələ də qələbə üzünə həsrət qalan “Neftchala Sailors” və “Mingachevir Energizers” komandaları isə hərəyə 4 xalla autsayderlər qrupunu təşkil edirlər.

FIFA20 Milli Liqasının növbəti turları aprelin 29-30-da keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, İdman TV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.

Xəbər 639 dəfə oxundu.