“Sumqayıt” “Qalatasaray”ın futbolçusunu aldı
“Sumqayıt” klubu daha bir futbolçunun transferini rəsmiləşdirib. İdman.com.az saytının məlumatına görə, 2011/2012 mövsümünü Superliqada mübarizə aparan “Sivasspor”da keçirmiş Azərbaycan əsilli Məhəmməd Əli Atam icarə əsasında “Gənclik şəhəri” təmsilçisində forma geyinəcək. 24 yaşlı sağ cinah müdafiəçisi “Sumqayıt” ilə 1 illik müqavilə imzalayıb.

2004-cü ildə “Qalatasaray”ın əvəzedici komandası ilə peşəkar müqavilə imzalayan Məhəmməd 3 mövsüm “Cim-Bom”un şərəfini qoruyub. O, son mövsüm 26 oyunda 4 qol vurub. Atam 2005-ci ildə Türkiyənin 17 yaşadək futbolçulardan ibarət milli komandası ilə Avropa çempionluğunu qazanıb. Futbolçu 2008-ci ildə “Qalatasaray”ın əsas komandası ilə 3 illik müqavilə imzalasa da, heyətdə forma şansı qazana bilməyib. Ardınca Türkiyə 1-ci liqasında mübarizə aparan “Altay”, “Sarıyer”, və “Erzincanspor”da icarə əsasında çıxış edən Atam 2011-ci ildə “Sivasspor”la 3 illik müqavilə imzalayıb. O, burada 2 oyuna 1 qola imza atıb.

Qeyd edək ki, bunadək sumqayıtlılar Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev, Səlahət Ağayev və Elçin Sadıqovun transferini reallaşdırmışdı.

Xəbər 1280 dəfə oxundu.