Millətlər Liqası: hədəf baş məşqçisiz də bəlli olmalıdır
Avropa Millətlər Liqası ikinci dəfə keçiriləcək. Qitənin futbol həyatında yeni yarış olsa da, UEFA onun nizamını daha da yaxşı, maraqlı etmək naminə axtarışdadır.
Bir sözlə, qitə futbol qurumu hədəfindən, niyyətindən əl çəkmək istəmir. Bəlkə də doğru edir və zaman hər şeyi yeni yarışın axarına uyğunlaşdıracaq. Lakin futbol meydanında Azərbaycan millisi kimi "zəif bəndlər" üçün, məncə, bu turnir böyümək, inkişaf etmək, irəli addımalamaq və s. naminə şansdır.

Niderlandın Amsterdam şəhərində Millətlər Liqasının 2020-21-ci illər mövsümünün püşkatma mərasimi Azərbaycan millisi üçün yuxarıda qeyd edilənlər baxımından yaxşı hədəf, xeyirli turnir sayıla bilər. Bu həm də format baxımından daha uyğundur. Çünki bundan əvvəlki formatda milli komandanı favorit kimi görürdüksə, bu dəfə ayağımızı yorğana görə uzatmağa daha çox çalışaraq, onu daha ciddi qəbul etmək lazım gələcək. Lakin bu, hədəflərin dəyişməsi anlamına gəlmir. Yenə də komanda üçün "qrupda qalib gəlmək əsas hədəf və yeganə vəzifədir" olmalıdır. Rəqiblərimizin hər biri üçün, yəqin, hədəf elə belədir. Bu səbəbdən maraqlı mübarizəyə də şahid olacağıq.

Bir məqamı da diqqətdən kənar qoymaq olmaz: püşkatmadan sonra yenə ictimaiyyət iki qismə bölünüb: yalnız qələbə deyənlərə və rəqiblərin üstünlüyünü tərif edənlərə. Əlbəttə, tərəf-müqabillərə heç kim zəif deyə bilməz. Lakin bu qrupda qarşısına başqa vəzifəni qoyan komanda, zənnimcə, gərək meydana çıxmasın. Bu təbirlə yenə milli komandanın sükanı arxasına keçirilən məşqçi Bakıya istirahətə gətiriləcək. Bir yarışı yola verməklə pulunu artıqlaması ilə qazanıb evinə dönəcək, ya da bir-iki qələbə ilə sükan arxasında daha bir müddətlik də kard-blanş alıb, yenə qazanc götürməklə məşğul olacaq.

Bu səbəbdən artıq keçmiş təcrübəyə son qoyaraq, AFFA millinin qarşısına yüksək standartlı vəzifələr qoymalıdır. General olmaq istəməyən əsgərin aqibəti kimi milli komanda da yerində sayacaq, deməli, maksimum vəzifələr uğrunda döyüşə girmədən yüksəlişdən də dəm vurmaq mümkün olmayacaq. Axı, bu, Avropa çempionatı və ya dünya kubokunun seçmə mərhələləri deyil ki, qrupda favoritlərlə üz-üzə olaq və haradasa bəxt axtaraq.

Millətlər Liqası onunla maraqlıdır ki, burada komandalar əsasən, səviyyə etibarı ilə liqa və ya divizionlara bölünürlər. Yüksəlib-enmək bu yarışı həm də "yarış" sözünə daha da yaxınlaşdırır. Yarış formatı həm də hər bir komandanın inkişaf-tənəzzül qrafikasını əyani görməyə kömək edir.

Yeniləşmiş Liqa ötən yarışdan daha maraqlıdır. Birinci qalib kimi Portuqaliya bu dəfə titulunu qoruyan sayılır. Niderland paytaxtı Amsterdamda keçirilən püşkatmada 55 qitə üzvünün hamısı iştirakçı kimi əvvəlcədən məlum liqaların qruplarına bölünüb. İlk 3 divizionda 16, sonuncuda 7 komanda mübarizə aparacaq. Məhz yeni bölünmə sayəsində Almaniya, Polşa və Xorvatiya, habelə İslandiya kimi kollektivlər "A" liqasında qalıblar.

UEFA-nın qərarına əsasən, bu yarışda ilk dəfə VAR sistemi də tətbiq olunacaq.
Mübarizə sentyabrda başlayacaq və qrup turniri elə bu il ərzində 3 aya yekunlaşacaq. Sonrakı yarış üçün "C" və "D" divizionlarının tam tərkibi isə 2022-ci ilin martında autsayderlərin pley-offlarında bəlli olacaq.

Yarışın kuboku isə sahibinə 2021-ci ildə qovuşacaq. Gələn ilin iyununda (2-3 iyun - 1/2 final pley-offu, 6 iyun - 3-cü yer uğrunda və final matçları) final mərhələsi turnirin ikinci qalibinin adını tarixə yazacaq. Bu mərhələ qrup qalibi olmuş komandalar arasında və həm də onlardan birinin ev sahibliyi ilə keçiriləcək.
Qələbə uğrunda, təbii ki, "A" liqasının komandaları yarışacaq.

Divizionun qrupları belədir:

1-ci qrup: Niderland, İtaliya, Bosniya və Herseqovina, Polşa;
2-ci qrup: İngiltərə, Belçika, Danimarka, İslandiya;
3-cü qrup: Portuqaliya, Fransa, İsveç, Xorvatiya;
4-cü qrup: İsveçrə, İspaniya, Ukrayna, Almaniya.

"B" liqasında hər qrupun qalibi "A" divizionuna keçəcək, sonuncu yerlərin sahibləri isə avtomatik "C" liqasında oynamaq məcburiyyəti ilə üz-üz olacaq.

1-ci qrup: Avstriya, Norveç, Şimali İrlandiya, Rumıniya;
2-ci qrup: Çex Respublikası, Şotlandiya, Slovakiya, İsrail;
3-cü qrup: Rusiya, Serbiya, Türkiyə, Macarıstan;
4-cü qrup:Uels, Finlandiya, İrelndiya, Bolqarıstan.

"C" liqasından qaliblər birbaş daha yuxarı diviziona vəsiqə əldə edəcək. Autsayderlər aşağı liqaya düşməmək üçün pley-offda yarışacaq və iki məğlub komanda "D" divizionuna enəcək. Pley-off yarışları 2022-ci il martın 24-25-də və 28-29-da keçiriləcək. Burada da rəqiblər püşklə deyil, reytinqlə müəyyən olunacaq. UEFA təsnifatında 4 autsayderdən ən yüksək reytinqlisi ən aşağı, 2-ci ən yaxşı isə 3-cü ilə üz-üzə gələcək. Əgər bu komandalardan biri, paralel olaraq, 2022-ci il dünya kubokunun seçmə raundunun pley-offuna vəsiqə əldə edərsə, digər iki komanda aşağı diviziona yuvarlanacaq.

BATI YAR

Xəbər 739 dəfə oxundu.