“Tokio-2020”: Koronavirus Yaponiyaya nə qədər ziyan vuracaq?
Koronavirus (COVID-19) mövzusu idman aləmini də geniş düşündürür. İlin ən böyük iki hadisəsindən biri olacaq Tokio Yay Olimpiya Oyunları da bu virusun təhlükəsinin təsiri altındadır. Oyunların vaxtının dəyişdirilməsindən tutmuş yarışların tamaşaçısız keçirilməsinə qədər məsələlər diqqət mərkəzindədir.

Hazırda Yaponiyada 1000-dən artıq insan koronavirus ehtimalı ilə karantində hesab olunur. Onlardan 706 nəfəri "Dayamond Prinses" laynerinin sərnişinləri və ekipajıdır. 12 nəfər dünyasını dəyişib. Ümumən vəziyyət nəzarət altında saxlanılır.
Maraqlıdır ki, belə vəziyyətlə üz-üzə olan Tokio dördilliyin ən böyük çoxnövlü idman yarışına 43 idman obyektini tam hazır vəziyyətə gətirib. Bu arenadan 25-ində təmir-bərpa işi aparılıb, 10-u müvəqqəti qurğudur. Sonuncu istifadəyə verilən isə 523 milyon dollara başa gələn 15 min nəfərlik 4-mərtəbəli Tokio Su İdmanı Mərkəzidir. Özü də qəribə təzadla obyektlərin inşası zamanı ekoloji tarazlıq məsələlərinə xüsusi diqqət edilib. Bəziləri yerli sidr ağacından tikilib, bəzilərinin oturacaqları, əsas istifadə avadanlıqları ağacdandır. Voleybol arenası və bir nüçə digər qurğu Günəş batareyaları və geotermal istilik avadanlıqları ilə təchiz edilib, ekoloji təmizlik standartlarının tələblərinə maksimum cavab verir.

Tokio Oyunları təxirə salınarsa - mütəxəssislərin dərc etdiyi son hesablamalara görə - Yaponiyanın ümumi daxili məhsulunun 1,4 faiz azala bilər. Ümumən artıq olimpiada ilə bağlı koronavirus təhlükəsi ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. "Kyodo Nyus" agentliyi bu xüsusda təhlillərin mövzusu olaraq, yazır ki, "Tokio-2020"nin tamaşaçı və yarış təşkilatçılığından gəlirlərinin 6,4 milyard dollar olacağı gözlənilir. Olimpiada təxirə salınarsa, Yaponiyanın ümümi daxili məhsulunun 74,1 milyard dollar azalmasına gətirib çıxaracaq. "Nikko Sekyuritis" maliyyə şirkətinin hesablamalarına görə, bu ssenari ilə Gündoğar ölkənin şirkətlərinin korporativ gəlirləri 2019-cu illə müqayisədə 24,4 faiz aşağı düşəcək. Hesabatda deyilir ki, koronovirus mövzusu artıq iqtisadiyyata mənfi təsirini göstərib. Proqnozlara görə, istənilən halda ümumdaxili məhsulun 0,9 faiz, korporativ gəlirlərin 14,9 faiz azalması müşahidə olunacaq.

Bu arada onu da qeyd edək ki, hər şeyə rəğmən martın 12-də olimpiya estafeti start götürəcək. Ənənə üzrə hər şey Elladadan başlanacaq. Tarixdə ilk dəfə məşəlin səyahəti qadınla başlanacaq. Bu şərəf titullu güllə atıcısı Anna Korakakiyə həvalə olunub.

2018-ci ildə 10 metr məsafəyə pnevmatik tapançadan atəş proqramında dünya çempionu olmuş Anna 2016-ci il Rio olimpiadasında Yunanıstanın bu növdə ilk olimpiya qızılının sahibi olub. O, 25 metrdə qızıl, 10 metrdə bürünc medal qazanmışdı. Korakaki bu tarixi şərəfi olimpiya qızılları qədər əhəmiyyətli hadisə sayaraq, əntiq olimpiya ruhuna bürünəcəyi anı həyacanla gözlədiyini deyib.






Xəbər 1072 dəfə oxundu.