Baş rolda: Ehsan Kərimov
İyirminci əsrdə Azərbaycan idmanının yetirdiyi ən görkəmli şəxsiyyətlərdən biri, şübhəsiz, güləş xalçası üzərində bir-birindən yüksək zirvələr fəth etmiş Ehsan Qafur oğlu Kərimovdur. Ehsan müəllim ağır sınaqlar meydanını böyük şöhrətlə- Azərbaycan və SSRİ-nin Əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim kimi tərk etmişdir.

Təsadüfi deyil ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində idmanımızın ən yaxın dostu olmuş ulu öndər Heydər Əliyev respublikamızın Prezidenti olduğu dövrdə 10 oktyabr 2002-ci il tarixli sərəncamı ilə E. Kərimovu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görmüşdür.

... Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 10 illik yubileyi münasibətilə 2002-ci il oktyabrin 11-də Respublika Sarayında (indi Heydər Əliyev Sarayı) keçirilən təntənəli yubiley mərasimində Ehsan müəllimlə yanaşı əyləşmişdim. Hələ mərasim başlamazdan əvvəl ötən günləri xatırlayarkən o zaman əməkdaşı olduğum “Xalq qəzeti”ndə onun 75 yaşı ilə əlaqədar yazdığım “80-də “güləşənədək”, Ehsan müəllim!” başlıqlı məqalədən bəzi məqamları da yada saldıq. Sonralar, 2010-cu ildə nəşr etdirdiyim və bütünlüklə E. Kərimova həsr olunmuş “İdmanda yaşanan şərəfli ömür” kitabında həmin məqaləyə də geniş yer ayrılmışdır.

Əgər indi biz E. Kərimovun Azərbaycan idmanına xidmət etdiyi illərdə keçdiyi böyük yolu, hələ 15 yaşında ikən doğma Göyçay rayonundan Bakıya gəlib, Ali məktəb illərində yunan-Roma güləşində qazandığı bütün uğurları sadalamaq istəsək, bu, öhdəsindən gələ bilməyəcəyimiz çətin bir iş olar.

O, uzun illər ərzində “klassiklərdən” ibarət yığma komandamızın baş məşqçisi, Azərbaycan Dövlət İdman Komitəsində şöbə müdiri, Respublika Yüksək İdman Ustalığı Məktəbində direktor, Bakı Bədən Tərbiyəsi Texnikumunda direktor müavini olarkən, hətta təqaüdə çıxdıqdan sonra federasiyada məsləhətçi işləyərkən idmanımıza sədaqətlə xidmət edib. Ehsan müəllim yığma komandamızın istər doğma Bakıda, istərsə də xarici ölkələrdə qazandığı qələbələrdə mühüm rol oynamışdır. Gərgin iş rejimində çalışmasına baxmayaraq “Güləşçinin fiziki hazırlığı”, “Azərbaycan milli güləşi” kitablarının müəllifi olmağa da vaxt tapmışdır.

Həqiqətən, E. Kərimov təkcə Azərbaycanda deyil, bütün beynəlxalq idman dairələrində yaxşı tanınırdı. Diqqətinizə çatdıracağımız iki fikir də bunu təsdiq edir.

Azərbaycan güləş məktəbinin məşhur yetirməsi, sərbəst güləş üzrə SSRİ və Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Rafiq Hacıyevin hələ 10 il əvvəl dedikləri: - Ehsan Kərimov Azərbaycanda yunan-Roma güləşinin banilərindən biridir. O, həm güləşirdi, həm də gənc yaşlarından məşqçiliyə başlamışdı. Azərbaycan yığma komandasının baş məşqçisi olub, Oktiyar Məmmədbəyov, Eldar Abdullayev, Emin Ramazanov, Mustafa Orucov, Xan Babaxanov kimi güləşçilər hazırlayıb. Bundan başqa, Ehsan müəllim həm də yaxşı dost, qayğıkeş pedaqoqdur. İdman komitəsində işləyəndə tez-tez komandamızı yanına çağırar, məsləhətlər verərdi. Şəxsən mənim çıxışlarımı həmişə diqqətlə izləyər, heç vaxt da köməyini əsirgəməzdi...

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri, Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Xanlar Qurbanov isə elə həmin 2010-cu ildə Ehsan müəllim haqqında hazırladığım kitab üçün ondan da öz fikrini söyləməyi xahiş etdikdə qətiyyətlə belə demişdi: - Nə xoş bir gün, nə gözəl fürsət! İdman adamlarının qəlbində əbədi yaşayan görkəmli mütəxəssis və nəcib bir insanın həyat və fəaliyyətindən bəhs edəcək kitabda mənə də xatirələrimi danışmaq üçün imkan yaradılır. Ürəyimdən olan təklifdir.

... Məncə, bu fikirlərdən sonra Ehsan Kərimov barədə nəsə daha bir söz deməyə ehtiyac yoxdur. O, həmişə öz fədakar əməyi ilə ön sırada olmuş, qələbələrimizdə baş rollardan birini oynamışdır.

Oqtay Bayramov,
Əməkdar jurnalist

27.04.2020



Xəbər 1143 dəfə oxundu.