On yeddi yaşadək şahmatçılar arasında onlayn Qran-Pri turnirinin final oyunları başlayır
Aprelin 26-da “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında onlayn Qran-Pri turnirinin final oyunları keçiriləcək.

Seçmə mərhələlərin yekun nəticələrinə görə, ən yüksək Qran-Pri balı yığan 15 şahmatçı - Namiq Verdiyev, Şiroğlan Talıbov, Tunar Davudov, Elmar Atakişiyev, Elçin Şəkərəliyev, Atilla Eynullayev, Emil Mehrəliyev, Süleyman Süleymanlı, Ümid Aslanov, Uğur İlyaslı, Fərid Orucov, Kanlı Alperen, Altay Eynullayev, Rüstəm Rüstəmov və Mələk İsmayıl finala vəsiqə qazanıblar. Təşkilatçı tərəfindən birbaşa finala vəsiqə verilən Aydın Süleymanlı da turnirdə qalib adı uğrunda yarışacaq.
Final oyunları olimpiya sistemi (uduzan çıxır) üzrə keçiriləcək.
www.chess.com internet portalı üzərindən keçirilən və yeddi mərhələdən ibarət olan turnirə ümumilikdə 330 şahmatçı qatılıb.
Yarış karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədi daşıyır.


Xəbər 461 dəfə oxundu.