Niderlandda futbol mövsümü ləğv edildi
Niderlandda kütləvi tədbirlər sentyabrın 1-nə qədər ləğv edildiyi üçün milli futbol assosiasiyası iki divizionda (Eredivizi və Erstedivizi) mövsümü nəticəsiz başa çatdırıb.

Qərara əsasən, çempion elan edilməyəcək. Lakin “Ayaks” Avropa Çempionlar liqasının pley-off raundunda ölkəni təmsil edəcək. Son illərdə ilk dəfə titul uğrunda real mübarizəyə qoşulmuş “AZ-67” isə ikinci təsnifat mərhələsində çıxış edəcək. Lakin bununla Alkmaar klubu razı deyil. Çünki onlar “Ayaks”la eyni – 56 xala malik idilər, üstəlik, rəqibinə hər iki matçda qalib gəlib və yalnız topların fərqinə görə, ikinci pillədə idi. Qeyd edək ki, “Zanbaqlar ölkəsi”ndə şəxsi görüşlər yalnız mövsümün sonunda bütün oyunlar keçirildiyi zaman əsas götürülür.

Assosiasiyanın digər qərarına əsasən, Avropa liqası uğrunda pley-off da olmayacaq. Bu yerlər “Feyenoord”, PSV Eyndhoven və “Villem II”yə verilib.

Bununla isə “Utrext” razı deyil. Klub “Villem II”dan 3 xal geri olsa da, 1 oyun az keçirib və yenə hər iki tet-a-tet görüşdə 4 xal üstünlüyə malikdir. Hələ topların fərqinə görə də 13 qol üstündür.

Bu da son problem deyil. “Utrext” Niderland kubokunun finalına vəsiqə alıb və burada məhz Avroliqa iştirakçısı seçilmiş “Feyenoord”la üz-üzə gəlməli idi. Klub məhkəmələrdə məsələyə aydınlıq gətirmək niyyətindədir.

Bütün narazılıqlara rəğmən, assosasiya mövsümü bitirmək qərarını verib. Səsvermədə 34 komandadan 16-sı lehinə, 9-u əleyhinə səs verib, daha 9-u bitərəf qalıb. Bitərəflərdən biri “herakles”in səlahiyyətlisi deyib ki, bu məsləyə qarışmaq istəmədiklərindən kənarda qalmağa üstünlük veriblər.

Yarışın alt hissələrinə gəlincə, aşağı diviziona heç bir klub düşməyəcək. Alt pillələrdə olan “Den Haaq” və “Vaalveyk” qalır, aşağı divizionda rəqiblərindən xeyli aralanmış və yüksələcəyi şübhə doğurmayan “Kambuur” və “De Qraafsxap” da yeni mövsümü elə orada başlayacaqlar. Bu divizondan da heç bir klub daha aşağı enməyəcək. Hər iki klub da qərardan narazı qalanlar sırasındadır.

Bu qərara milli assosiasiyanı ruhlandıran bir əsas da var: əsas yayımçı olan “FOX Sports” istənilən halda 25 milyonluq tranşı futbol qurumunun hesabına köçürəcəyini bildirmişdi.

Qeyd edək ki, buna qədər Belçikada mövsümün bitdiyi elan edilmişdi və son qərarı assambleya verməlidir. Orada “Brügge”yə çempionluq verilib və o, Çempionlar liqasının qrupuna adlayır. “Gent” isə vitse-çempion kimi təsnifatda qüvvəsini sınamalıdır. Avropa liqası uğrunda pley-off ləğv olunub. “Şarlerua” qrupa (istisna ilə), “Antverpen” və “Standard” təsnifatlara göndərilirlər.
Lakin ölkə kubokunun finalını keçirmək istəyi də var. Əgər finalda “Antverpen” qalib gələrsə qitədə qrupa o düşür və “Şarlerua” təsnifata vəsiqə alacaq.

Xəbər 1265 dəfə oxundu.