Ən birinci
Bu dəfə xatirələrimizi Xədicə xanım Orduxanova haqqında qeydlərlə davam etdirəcəyik. Yazımıza da elə onun özünün 28 il əvvəl, 1992- ci ilin indiki kimi aprel ayında "İdman"da dərc etdirdiyi məqalənin ilk abzası ilə start verəcəyik.

"...Bu gün yubiley nömrəsində öyünərək deyə bilərəm ki, mən "Azərbaycan bədən tərbiyəçisi"nə gəlmiş incə məxluqun ilk nümayəndəsiyəm. O vaxtlar, 60- cı illərin ortalarında və axırlarında biz idmanın hər hansı növündə birinciləri axtarıb tapmağa çalışırdıq. Əlbəttə, heç ağlıma da gəlməzdi ki, günlərin bir günü mən də bu cərgəyə daxil olacağam...".

X. Orduxanova qəzetimizin "komandasına" 1967-ci ilin aprelində (yenə aprel!) qəbul olunmuş və on altı il sonra, 1983-də "Bakinski raboçi"yə keçənədək üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmiş, cəsarətli, mükəmməl yazıları ilə oxucuların da, həmkarlarının da hörmət və rəğbətini qazanmışdı. Bu zaman hədə- qorxuya da məruz qalmışdı. Bununla əlaqədar özü bir dəfə yazmışdı:

"... Elə olurdu ki, məqalələrimin "qəhrəmanları" qəzəblə redaksiyaya soxulurdular, ancaq cüssəli iş yoldaşlarımın təpinmələrinə dözməyib, tələsik aradan çıxırdılar. Bir dəfə redaksiyaya bir gənc girdi, mənə öz "tərifini" yağdırmağa başladı. Bu an sakit və təmkinli Paşa Əmirov otağa daxil oldu və cəmi bir zərbəsini işə saldı...".

İncə məxluqun bu çox hörmətli nümayəndəsi gələcək həyat yoldaşı Şövkət Orduxanovla da elə bizim redaksiyada tanış olmuşdu. Orduxanov idman ictimaiyyətimizin yəqin ki, yaxşı yadındadır. Şövkət müəllim də əmək fəaliyyətinə "Azərbaycan bədən tərbiyəçisi" qəzetində başlamışdı. Sonralar respublikamız üçün SSRİ çempionatının bürünc medalları ilə əlamətdar olmuş 1966- cı ildə "Neftçi" futbol komandasının rəisi kimi çalışmışdır. Ona Azərbaycan Dövlət İdman Komitəsi sədrinin müavini, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurasının sədri kimi məsul vəzifələr də etibar olunmuşdu.

Ş. Orduxanovun respublikamızın ali idman təşkilatının rəhbərlərindən biri olarkən 1978- ci ildə işıq üzü görmüş "Dünya dostumuzdur" adlı kitab ərsəyə gətirdiyini də qeyd edək. Müəllif 5 000 nüsxə tirajla nəşr olunmuş, faktlarla zəngin kitabda Azərbaycan idmançılarının əlli il--1926- cı ildən 1976- cı ilədək beynəlxalq meydanda keçirdikləri müxtəlif növlər üzrə yarışlar, yoldaşlıq görüşləri haqqında ətraflı danışıb. Məsələn, əgər indi bu sətrlərlə tanış olan hər hansı həmkarım və ya azarkeş deyək ki, 1966- cı ilin yayında Bakıda "Neftçi"nin Fransanın "Tuluza" klubu ilə yoldaşlıq görüşündə hansı hesabla qalib gəldiyini öyrənmək istəsə və ya 1975- də Qırmızıbayraqlı Xəzər Donanmasının hovuzunda Azərbaycan və Kubanın su polosu üzrə yığma komandaları arasında keçirilmiş iki yoldaşlıq oyununun nəticələri ilə maraqlansa, axtardığı cavabı həmin kitabda tapa bilər.

Təəssüf ki, iki məşhur idman adamının birgə həyatı o qədər də çox çəkmədi, Şövkət müəllim həyatı tez tərk etdi.

Sonralar Xədicə xanım xatirələrindən birində yazacaqdı: "İki tale, iki könül qovuşdu, amma onun bəxti qara gəldi. Həyatının yüksəlişi çağında dünyasını dəyişdi. O, həyatın hər üzünü görmüşdü və onun həyatı parlaq səhifələri olan bir dastan idi, neçə- neçə ölkəni, məmləkəti gəzib- dolaşmışdı. Ömür vəfa qılmadı ki, qızlarının gözəlliyindən və zəkasından kam alsın, onların toylarında ürəyincə oynasın. Eh, nə etmək olar, kor olmuş fələyin qərarı, görünür, belə imiş...".

Oqtay Bayramov,
Əməkdar jurnalist

25.04.2020

Xəbər 1113 dəfə oxundu.