“Sabah” klubu Marko Deviçlə yollarını ayırıb
Bakının “Sabah” futbol klubu hücumçusu Marko Deviçlə bağlı açıqlama yayıb.

36 yaşlı ukraynalı hücumçu koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda klub rəhbərliyinə müraciət edib. O, ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirib. Futbolçunun bu istəyinə müsbət cavab verildiyi qeyd edilib. Bildirilib ki, futbolçu ilə klub rəhbərliyi arasında xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsinin uzadılmaması barədə razılaşma olub. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti başa çatıb.

Klub Marko Deviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018-2019-cu il mövsümündə “Sabah”da çıxış edib. Ötən yay Serbiyanın “Voydovats” klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Premyer Liqa təmsilçisinə transfer olunub.

Xəbər 638 dəfə oxundu.