AFFA gənc futbolçular üçün idman proqramı hazırlayıb
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətdə gənc futbolçuların idman formasını qoruyub saxlaya bilməsi üçün AFFA tərəfindən üç səviyyədə – başlanğıc, orta və üst – idman proqramı hazırlanıb.

Belqrad Universitetinin idman elmi üzrə professoru, həmçinin AFFA-da gənc milli komandaların fiziki təlim üzrə layihə rəhbəri Vladimir Vardakoviç proqram haqqında bunları söyləyib: “COVID-19 pandemiyası ilə bağlı yaranmış situasiya gözlənilməz və insan həyatı üçün təhlükəli olması ilə yanaşı, atletlər üçün də çətinlik yaradır. Məşqlərin dayandırılması və passivlik idmançıların gələcək inkişafına çox pis təsir edə bilər və bu, xüsusən gənc idmançılara aiddir. Bunu nəzərə alaraq, ev şəraitində idman formasını qorumaq üçün məşq proqramları hazırlamışıq. Bu proqramlar futbolçular üçün çeviklik, cəldlik, koordinasiya, balans, zədələrin qarşısının alınması kimi ən vacib fiziki göstəricilər üzrə hazırlanıb”.

V.Vardakoviç əlavə edib ki, başlanğıc səviyyə 13 yaşadək futbolçular üçün nəzərdə tutulur. Bu səviyyəni tamamlayan futbolçular orta səviyyə proqramına keçə və ya bir neçə hərəkətdən istifadə edə bilər. Orta və üst səviyyələr isə 19 yaşadək və daha böyük idmançılar üçündür. Biz bu futbolçulara başlanğıc səviyyəni 1-2 dəfə, orta səviyyəni 3-4 dəfə təkrar etdikdən sonra üst səviyyəyə keçməyi tövsiyə edirik. Videolarda təqdim edilən qaydalar və göstərişlərə riayət etmək lazımdır.
Qeyd edək ki, videoları AFFA-nın saytında izləmək olar.

Xəbər 818 dəfə oxundu.