Karlsenin turnirində 3-cü tura yekun vuruldu
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirinin üçüncü turuna yekun vurulub.

Azsport.az saytı xəbər verir ki, bu gün çinli Dinq Liren fransalı Maksim Vaşye-Laqravı əsas 4 partiyadakı heç-heçələrin ardından “armagedon”da üstələyərək qarşılaşmadan qalib ayrılıb (3:2). Nəticədə Liren hesabına 2, Vaşye-Laqrav 1 xal yazıb. Rusiyalı Yan Nepomnyaşi niderlandlı Aniş Girini əsas partiyalarda 2,5:1,5 hesabı ilə üstələyib. Bu matçda Nepomnyaşinin qazancı 3 xal olub. Giri isə yenə də xal qrafasını boş saxlayıb.

3 turdan sonra Karlsen 8 xalla liderdir. Nakamura 7 xalla ikinci pillədədir. Lirenin 6, Karuana, Vaşye-Laqrav və Nepomnyaşinin 5 xalı var. Firuzca və Giri hələ ki, xalsızdırlar.

Xəbər 626 dəfə oxundu.